ADU əməkdaşları Pakistanın Milli Gününə həsr olunan rəsmi qəbulda

Azərbaycan Dillər Universitetinin (ADU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova, Pakistan Mədəniyyət Mərkəzinin müdiri Mahmud Athar və Avropa dilləri kafedrasının baş müəllimi Sevda Abuzərli Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda iştirak ediblər.
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Pakistanın və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin çıxış edərək bu günün Pakistan xalqı üçün əhəmiyyətini vurğulayıb. Səfir, ötən il 81 mindən çox pakistanlı turistin Azərbaycana səfər etdiyini və bu ilin sonuna qədər bu sayın 100 min nəfəri keçəcəyinə ümid etdiklərini bildirib. O, həmçinin Pakistan ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin əməkdaşlığın güclü nümunəsi olduğunu qeyd edib.
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev tədbirdə çıxış edərək Prezident İlham Əliyevin təbriklərini çatdırıb. Nazir Pakistan hökumətinin illərdir Azərbaycanın mövqeyini ardıcıl və qətiyyətlə dəstəklədiyini və ölkələrimizin Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməkdə davam etdiyini vurğulayıb.



