ADU-nun pedaqoji təcrübədə olan tələbələri Novruz şənliyi keçiriblər

Martın 18-də Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin 440a və 440b qruplarının tələbələri- Leyli Kərimova, Rəqsanə Abbasova, Tamilla Sariyeva, Fatimə Hüseynova və Aidə Xudaverdiyeva təcrübə üçün təhkim olunduqları 55 saylı tam orta məktəbdə Novruz bayramına həsr olunmuş şənlik keçiriblər. Tədbir universitetin baş müəllimi, metodist Aynur Sadıqovanın rəhbərliyi ilə keçirilib.
Şənlikdə məktəb kollektivi ilə yanaşı, Xətai Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin nümayəndələri də iştirak edib. Tədbiri açan məktəbin direktoru Yaqut Kərimova qonaqları salamlayaraq iştiraklarına görə təşəkkür edib. Daha sonra digər qonaqlar da bayram münasibətilə təbriklərini çatdırıblar.
Bədii hissədə məktəbin 6b və 7b sinif şagirdləri yazın gəlişi ilə bağlı şeirlər səsləndirib, müxtəlif səhnəciklər nümayiş etdiriblər. Bahar qızın çıxışı, Kosa və Keçəlin məzəli deyişmələri tədbirə xüsusi rəng qatıb. Şənlik məktəbin həyətində tonqal başında Gənclər və İdman Nazirliyinin nümayəndələri tərəfindən fəal şagirdlərə hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.





