XƏBƏRLƏR

31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

19 mart, 2025

Martın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi və Azərbaycanşünaslıq mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Mart Soyqırımı: həqiqət faktların dili ilə” adlı tədbir keçirilib.
Tədbiri fakültə dekanı professor İbrahim Kazımbəyli giriş sözü ilə açaraq, ermənilərin böyük dövlətlərin regionla bağlı siyasətlərində alət olduğunu vurğulayıb. O, Türkmənçay müqaviləsindən sonra kütləvi şəkildə ermənilərin Azərbaycan ərazisinə – İrəvan və Naxçıvan torpaqlarına köçürüldüyünü qeyd edib və süni şəkildə erməni dövlətinin yaradılmasına başlanıldığını bildirib. 1918-ci ilin əvvəllərində erməni daşnak və bolşevik qüvvələrinin birlikdə Azərbaycan xalqına qarşı soyqırım cinayəti törətdiklərini qeyd edən Kazımbəyli, AXC hökumətinin 1918-ci ildə yaratdığı Fövqaladə Təhqiqat Komissiyasının soyqırımı araşdıraraq 36 cildlik istintaq materialı hazırladığını və Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla Mart Soyqırımına hüquqi-siyasi qiymət verildiyini bildirdi.
Tədbirdə Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Mina Qarayeva “Soyqırımın tarixi kökləri və səbəbləri” mövzusunda çıxış edərək, erməni daşnak qüvvələri tərəfindən həyata keçirilmiş Mart Soyqırımının bir sıra tarixi, siyasi və etnik amillərlə bağlı olduğunu qeyd edib.
 Regionşünaslıq (Qərb ölkələri) kafedrasının baş müəllimi Günay Məmmədova “Mart Soyqırımı beynəlxalq hüquq və tarixi ədalət” mövzusunda çıxış edərək, Mart Soyqırımının Azərbaycan Xalq Cumhuriyyəti dövründə hüquqi baxımdan araşdırılmağa başlandığını və bu məqsədlə Fövqaladə İstintaq Komissiyasının yaradıldığını bildirib.
Regionşünaslıq (Şərq ölkələri) kafedrasının müəllimi Aysel Kərimova isə “Mart Soyqırımına verilən siyasi qiymət” mövzusunda çıxış edərək, Mart Soyqırımına tarixi və siyasi qiymət verilməsinin dövlətimiz və xalqımız qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu vurğulayıb.
Sonda mövzu ətrafında diskussiya aparılıb.