XƏBƏRLƏR

ADU-da “Belarusu nə qədər yaxşı tanıyırsan?” viktorinası keçirilib

17 mart, 2025

2025-ci il martın 14-də Azərbaycan Dillər Universitetində (ADU) Belarus dili və mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Belarusu nə qədər yaxşı tanıyırsan?” adlı viktorina keçirilib. Tədbir mərkəzin direktoru Klimov Serqey Leonidoviçin rəhbərliyi altında baş tutub.

İntellektual yarış formatında təşkil edilən viktorinada Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 35 tələbəsi iştirak edib. Onlar Belarusiyanın böyük şəhərlərinin adlarını daşıyan beş komandaya bölünüblər: “Minsk”, “Qrodno”, “Mogilyov”, “Qomel” və “Brest”. Yarışın nəticələrinə əsasən, birinci yeri “Mogilyov” komandası tutub. “Qomel” və “Brest” komandaları ikinci yeri bölüşüb, “Qrodno” üçüncü, “Minsk” isə dördüncü olub.

Bütün iştirakçılar hədiyyələrlə mükafatlandırılıb. Yarış iştirakçılara Belarusun tarixi, mədəniyyəti, coğrafiyası, idmanı, kinosu, musiqisi və ənənələri haqqında biliklərini nümayiş etdirmək imkanı yaradıb.

Tədbir çərçivəsində, həmçinin, 21 fevral 2025-ci ildə keçirilmiş “Kupalavska diktofka” diktə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mərasimdə Belarus Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi də iştirak edib. Qaliblərə Belarus dilinə maraqlarını təsdiqləyən sertifikatlar təqdim olunub.

Belarus dili və mədəniyyəti Mərkəzi tədbirin təşkilində iştirak edənlərə təşəkkür edib və belə təşəbbüslərin Azərbaycan ilə Belarus arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.