XƏBƏRLƏR

“Elmi araşdırma və akademik tezis yazılış qaydaları” mövzusunda təlim keçirilib

12 mart, 2025

Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Elmi araşdırma və akademik tezis yazılış qaydaları” mövzusunda təlim keçirilib. Təlimdə Filologiya, Beynəlxalq münasibətlər və Regionşünaslıq, İngilis və alman dilləri, İngilis və fransız dilləri fakültələrinin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Aysel Məmmədbəyli elmi araşdırmaların və akademik yazı bacarıqlarının tələbələr üçün əhəmiyyətini vurğulayıb.

Dosent Aytən Allahverdiyeva akademik tezisin strukturu, tədqiqat sualının müəyyənləşdirilməsi, mənbələrin düzgün seçilməsi və akademik üslubun tələbləri barədə ətraflı məlumat verib. O, tezis yazılışında yol verilən yayılmış səhvləri qeyd edərək tələbələrə praktik tövsiyələr təqdim edib.

Təlimin sonunda tələbələr mövzu ilə bağlı suallarını səsləndirərək müzakirələrdə fəal iştirak ediblər. İnteraktiv sual-cavab sessiyası mövzunun daha dərindən öyrənilməsinə şərait yaradıb.

Keçirilən təlim tələbələrin elmi araşdırma və akademik yazı bacarıqlarının inkişafına töhfə verməklə yanaşı, onlarda bu sahəyə marağı artırıb.

Bildirilib ki, Tələbə Elmi Cəmiyyəti gələcəkdə də bu cür maarifləndirici tədbirlərin təşkilini davam etdirməyi planlaşdırır.