“Dövlət-Vətən sevgisinin formalaşmasına təsir edən amillər” mövzusunda tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Müəllim Azad Həmkarlar Komitəsinin təşəbbüsü, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi (BMR) və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Dövlət-Vətən sevgisinin formalaşmasına təsir edən amillər” mövzusunda tədbir keçirilib.
Tədbirdə BMR fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli, HİK-in sədri Misgər Məmmədov, magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva, Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva, Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, k.e.d., dosent Nigar Əfəndiyeva, mərkəzlərin işçiləri, fakültənin müəllimləri və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan etməsinin əhəmiyyətindən bəhs edib. O, tədbir iştirakçılarına ölkənin konstitusiya tarixi haqqında qısa məlumat verib və ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan, onun suverenliyi və dövlət atributları ilə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Fəlsəfə və İctimai Elmlər kafedrasının baş müəllimi Afaq İsmayılova “Konstitusiya, dövlət, vətəndaş münasibətləri” mövzusunda çıxış edərək, Konstitusiyanın maddələrində vətəndaşların hüquq və azadlıqları, onların cəmiyyətdə yeri və rolu, dövlətin həyatında iştirakı barədə geniş məlumat verib.
Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının II kurs magistrantı Aytən Xanlarova “Dövlət quruluşunun formalaşmasının mərhələləri” mövzusunda çıxış edərək vətəndaş hüquq və azadlıqlarından, onların vəzifə və öhdəliklərindən bəhs edib.
Daha sonra tədbir Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Mehparə Tajdehibonabın “Vətənpərvərlik haradan başlayır?” mövzusunda çıxışı ilə davam edib. O, iştirakçılara “Vətən nədir? Vətən haradan başlayır?” suallarını ünvanlayaraq, auditoriya ilə qarşılıqlı diskussiya aparıb.
Tədbirdə həmçinin IV kurs tələbəsi Tahir Hüseynzadə “Mən Vətənin daşıyam – Vətən sevgisi necə formalaşır?” mövzusunda çıxış edərək, əsl vətəndaşın hansı öhdəlikləri yerinə yetirməli olduğunu və vətəndaşlıq borcunun əhəmiyyətini vurğulayıb.
Sonda ADU Azad Həmkarlar Komitəsinin sədri Misgər Məmmədov çıxış edərək, gənclərin Vətən müharibəsində göstərdiyi şücaətdən, onların qələbədə rolundan bəhs edib. Tədbir Vətən mövzusunda musiqili videonun nümayişi ilə yekunlaşıb.















