"Etik Davranışın Açarı: İnsanların Hiss və Duyğularına Təsiri" adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının baş müəllimi Gülnar Abdullayevanın təşkilatçılığı ilə Təhsil fakültəsinin III kurs 332A qrup tələbəsi Aydan Əhədzadə tərəfindən "Etik Davranışın Açarı: İnsanların Hiss və Duyğularına Təsiri" adlı tədbir keçirilib. Tədbirdə Təhsil fakültəsinin dekanı professor Hikmət Əlizadə, Pedaqogika kafedrasının müəllimləri və İbtidai sinif müəllimliyi və Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Tədbir aşağıdakı bölmələr üzrə təşkil olunub:
1. Etik davranış prinsipləri
2. Etik prinsiplərin təhsil sahəsində tətbiqi
3. Etik davranışların insan hissləri ilə əlaqəsi
4. Etik davranışların sosial inkişafımıza təsiri
Tədbirin əsas məqsədi etik davranışın təhsil və gündəlik həyatdakı rolunu, həmçinin fərdi və sosial əlaqələrdə etik prinsiplərin tətbiqi xüsusiyyətlərini müzakirə etmək olmuşdur. Etik davranışların insan münasibətlərindəki əhəmiyyəti, onların sosial və emosional inkişafımıza necə təsir etdiyi barədə ətraflı məlumat verilib. Tədbirdə həmçinin, etik davranışların insanın daxili hissləri, emosional sağlamlığı və sosial əlaqələrini necə formalaşdırdığı izah edilmişdir. Hörmət, dürüstlük, ədalət, empatiya kimi əsas etik prinsiplərin gündəlik həyatda necə tətbiq oluna biləcəyi müzakirə edilib.
Tədbirin sonunda Təhsil fakültəsinin dekanı professor Hikmət Əlizadə çıxış edərək, etik davranışların təhsildə və gündəlik həyatda vacib olduğunu vurğulamış, bu prinsiplərin hər bir fərd tərəfindən tətbiq olunmasının cəmiyyətin ümumi inkişafına mühüm təsir edəcəyini qeyd edib. O, iştirakçılara etik davranışları həm şəxsi, həm də sosial həyatlarında tətbiq etməyi tövsiyə etmiş, tələbə Aydan Əhədzadənin çıxışını yüksək qiymətləndirərək, belə tədbirlərin gənclərin etik dəyərlərini formalaşdırmaqda mühüm rol oynadığını bildirib.





