XƏBƏRLƏR

ADU-nun rektoru İtaliyanın ölkəmizdəki səfiri ilə görüşüb

08 mart, 2025

Martın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə görüşüb.

 

Kamal Abdulla səfiri universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor universitetdə İtalyan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edərək, İtaliya universitetlərindən birində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması təklifini irəli sürüb.

 

Akademik Kamal Abdulla ADU-da fəaliyyət göstərən “Səfir saatı” layihəsindən bəhs edərək, Luka Di Canfrançeskonu bu layihə çərçivəsində mühazirə oxumağa dəvət edib. O, eyni zamanda, İtaliyadan Azərbaycana səfər edən ictimai-siyasi və mədəniyyət xadimlərinin universitetdə görüşlərinin təşkil olunmasını təklif edib.

 

İtaliya ilə bağlı xoş təəssüratlarını bölüşən akademik Kamal Abdulla dünya şöhrətli italyan yazıçısı Umberto Eko ilə bağlı xatirələrini də bölüşüb.

 

Səfir Luka Di Canfrançesko səmimi qarşılanmaya görə təşəkkürünü bildirib və ADU-da İtalyan dili və mədəniyyətinin təbliğ olunmasını yüksək qiymətləndirib. O, “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşə hazır olduğunu qeyd edib. Səfir, həmçinin İtaliya universitetlərindən birində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması təklifinə müsbət yanaşdığını və bu istiqamətdə əməkdaşlıq imkanlarının nəzərdən keçiriləcəyini bildirib.

 

Eyni zamanda, görüşdə 2015-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rolu da müzakirə olunub. Rektor bu mərkəzin Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması, ölkənin multikultural ənənələrinin öyrənilməsi və yayılması istiqamətində mühüm işlər gördüyünü vurğulayıb. O, mərkəzin təşkilatçılığı ilə ildə iki dəfə Yay və Qış Məktəblərinin keçirildiyini bildirib. Bu proqram çərçivəsində xarici tələbələr Azərbaycanın multikultural dəyərləri ilə yaxından tanış olur və müxtəlif bölgələrə səfərlər edirlər.

 

Sonda tərəflər akademik, elmi və mədəni əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparıb və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün birgə addımlar atmağa hazır olduqlarını bildiriblər.