XƏBƏRLƏR

ADU-da ilin yekunları ilə bağlı Elmi Şuranın sonuncu iclası keçirilib

26 dekabr, 2024

Dekabrın 25-də Azərbaycan Dillər Universitetində ilin yekunları ilə bağlı Elmi Şuranın sonuncu iclası keçirilib.

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

ADU-nun rektoru, akademik Kamal Abdulla ilin yekunları ilə bağlı qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirildiyini, ADU-nun beynəlxalq nüfuzunun artdığını söyləyib.

Qeyd olunub ki, universitet rəhbərliyi və kollektivi üzərinə düşən işi yüksək səviyyədə  həyata keçirib, tədrisin keyfiyyəti artırılıb. ADU-nun QS reytinqlər cədvəlində növbəti dəfə uğur qazanması bu mənada xüsusi vurğulanıb.

Beynəlxalq əlaqələrin qurulması, universitetin elmi potensialının artırılması, pedaqoji heyətin bilik və bacarıqlarının daha da yüksəldilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova ilin yekunları ilə bağlı beynəlxalq əlaqələrin mövcud vəziyyəti və perspektivləri haqqında məruzə ilə çıxış edib. Qeyd olunub ki, son illər ADU-nun beynəlxalq əlaqələrinin coğrafiyası genişlənib və bunun nəticəsində xarici ölkələrdən olan tələbələrin universitetə marağı kifayət qədər artıb.

ADU-da 91 nəfər xarici tələbənin təhsil aldığını bildirən prorektor tədrisin keyfiyyətində və xarici əlaqələrin səmərəli fəaliyyətində yeni imkanların olmasından danışıb.

Tələbələrlə iş və əmək bazarı komissiyasının sədri Nigar Zeynalova illik hesabatla çıxış edib. Qeyd olunub ki, son illər artan əmək bazarı imkanlarından ADU məzunlarının yararlanması üçün bir sıra layihələr həyata keçirilib.

ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri Aynur Sabitova məruzə ilə  çıxış edib. Kafedrada yaradılan şərait, keçirilən tədbirlər və layihələr haqqında ətraflı məlumat verilib.

Tədris işləri üzrə prorektor vəzifəsini icra edən Şəfəq Şahməmmədova ilin yekunları ilə bağlı bir sıra sənədlərin qəbulu və icrası ilə bağlı çıxış edib.

Qeyd olunub ki, tədrislə bağlı qarşıya qoyulan məqsədlərə çatmaq və müasir tədris imkanlarından yararlanmaq üçün əməli addımlar atılıb.

İnsan resursları şöbəsinin müdiri Məmməd İsmayılov ADU-da struktur dəyişiklikləri ilə bağlı məlumat verib. Universitetdə işin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə bir sıra struktur dəyişikliklərinin olması təklifi irəli sürülüb. Təklif şura üzvləri tərəfindən səsvermə yolu ilə təsdiq olunub.

ADU HİK sədri Misgər Məmmədov ADU əməkdaşlarını qarşıdan gələn yeni il münasibətilə təbrik edib, kollektivə yeni-yeni uğurlar arzu edib. 2024-cü ilin yekunlarına həsr olunan sonuncu Elmi şura çapa tövsiyələr və təkliflərin səsləndirilməsi ilə yekunlaşıb.