XƏBƏRLƏR

“Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir” mövzusunda dəyirmi masa keçirilib

24 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU)  İngilis və alman dilləri fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Tahirə Gözəlova və dosenti Gülənbər Pirnəzərovanın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Azərbaycan ekologiyasının mühafizəsi ilə bağlı bildirdiyi fikrinə istinadən- “Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir” mövzusunda dəyirmi masa keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a həsr olunmuş dəyirmi masa Ümummilli Liderin çıxışından ibarət videoçarxın nümayişi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən kafedranın baş müəllimi T.Gözəlova bildirib ki, COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın bariz nümunəsidir. Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan Bildirilib ki, COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi münasibətilə iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək məqsədilə respublikamızın hər yerində, eləcə də, Azərbaycan Dillər Universitetində ekoloji maarifləndirmə ilə bağlı biliklərin gənc nəslə çatdırılması üçün kütləvi tədbirlər keçirilir. O, həmçinin çıxışında universitetin Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.f.d., dos. Xuraman Əsgərova və İngilis dilinin fonetikası kafedrasının müdiri fil.f.d., dos. Xatirə Qocayevanın təşəbbüsü və təşkilatçılığı ilə universitetin həyətində yaşıllaşdırma və çiçəkəkmə aksiyasının keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.

Dosent G.Pirnəzərova çıxışında bildirib ki, Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi təsadüf deyil, Ümummilli Lider Heydər Əliyev ideologiyasının davamıdır.  Onun vaxtilə ətraf mühitin qorunması ilə bağlı verdiyi tövsiyələr bu gün də İlham Əliyev və hörmətli Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən dəyərləndirilir, gördüyü işlərdə rəhbər tutulur. Hazırda ekoloji tarazlığın təmin olunması məqsədilə ətraf mühitin mühafizəsi, meşələrin bərpası, onların qorunması və yeni yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir.  

Dosent həm də qeyd edib ki, ağac əkmək dövlət rəhbərlərinin rəsmi görüşlərinin bir hissəsinə, daha doğrusu simvoluna çevrilib. O, bu ənənənin  təsadüfü xarakter daşımadığını söyləyib, torpağa əkilən hər hansı toxumdan bol məhsul gözləntisi olduğu kimi birgə əkilən ağacdan gözlənilən bar, yaxud onun saldığı kölgə, heç olmasa verdiyi gözəlliyi yeni yaranan münasibətlərin, birgə bağlanan müqavilələrin, birgə danışıqların sonunda əldə olunan uğurlu nəticələr ilə müqayisə  edib.

Tədbirdə iştirak edən 314b qrup tələbələri- Əfsanə İbiyeva,  Gülay Əliyeva,  Günay Alışlı,  Məhluqə Zeynallı, 314a qrup tələbəsi  Aydan Quliyeva, 314r qrup tələbəsi  Riyad Quliyev çıxışlarında yaşıllığın insan sağlımlığına faydasından danışıb, insanı əzəli və son beşiyi olan ana təbiətdən bircə anlığa da təcrid olunmuş təsəvvür etməyin mümkün olmadığını söyləyiblər. Elə buna görə də təbiətin yaratdıqlarına təkrarsız gözəllik kimi baxmağın, ağac əkməyin və onu qorumağın vacibliyini qeyd ediblər.