ADU əməkdaşları “Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi” Forumunda iştirak ediblər

Azərbaycan Dillər Universitetini (ADU) Beynəlxalq şöbənin müdiri Röya Əliyeva, şöbənin mütəxəssisi Fidan Cəfərova, Elm şöbəsinin müdiri Sevda İmanova, mütəxəssis Röya Şıxəliyeva və doktorant İnas Lageh Şuşa şəhərində “Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi” (#ISHE2) Forumunda iştirak ediblər.
Forum çərçivəsində keçirilən vörkşoplar tədqiqatyönümlü təhsilin təşviqi, sənaye-universitet əməkdaşlığının inkişafı, ali təhsilin beynəlmiləlləşməsi və mədəniyyətlərarası dialoq kimi aktual mövzuları əhatə edib. Əsas məqamlar arasında “Tədqiqatyönümlü universitetlərin formalaşdırılması” və “Ali təhsilin beynəlmiləlləşməsi” mövzularında paralel vörkşoplar yer alıb. Təlimçilər arasında nüfuzlu yerli və xarici mütəxəssislər – Bahadur İbrahimov, Sevinc Məmmədova və Müjdat Həsənov kimi peşəkarlar olub.
Tədbirin birinci hissəsində Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı ilk tələbələrinə təqdim edilib. Üçüncü hissədə isə Azərbaycan Dillər Universitetinin doktorantı, Əlcəzair vətəndaşı İnas Lageh, elmi nəşrlərinə görə xüsusi diplomla təltif olunub. Bu təltif onun beynəlxalq səviyyədəki elmi fəaliyyətlərinin yüksək qiymətləndirildiyini göstərir.
ADU nümayəndələri forum zamanı təqdimatlar və müzakirələrdə fəal iştirak edərək ali təhsilin beynəlmiləlləşməsi və elmi əlaqələrin genişləndirilməsi istiqamətində dəyərli töhfələr veriblər.
Universitet olaraq, əməkdaşlarımızın və doktorantlarımızın uğurlarını qeyd edir, onların beynəlxalq elmi platformalarda əldə etdikləri nailiyyətləri ilə qürur duyuruq.
Qeyd edək ki, Bakı şəhərində keçirilən “Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi” (#ISHE2) Forumu 11 dekabr 2024-cü il tarixində baş tutub.
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan bu tədbir elm və ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr üzrə rəhbər və işçi heyətini, həmçinin beynəlxalq tələbələri bir araya gətirib.



