MÜƏLLİMƏ VERİLƏN QİYMƏT

Gülbəniz Kamal qızı Nəcəfova 19 iyul 1959-cu il Bakı şəhərində anadan olmuşdur. O, 1966-1976-cı illərdə Bakıda 133 saylı məktəbdə oxumuşdur. G.Nəcəfova 1982-ci ildə M.F.Axundov adına Azərbaycan Dillər İnstitunda bitirmişdir.
G.Nəcəfova 1982-1997-ci illərdə ADU-nun kitabxanasının alman ədəbiyyatı şöbəsində, 1997-1998-ci illərdə Praktik alman dili kafedarsında laborant, 1998-2003-ci illərdə Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasında müəllim kimi çalışmışdır. O, 2003-cü ildən İngilis və alman dilləri fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimdir.
Gülbəniz Nəcəfova işlədiyi müddətdə dəfələrlə xaricdə keçirilən seminarlar, Germanistikanın aktual problemlərinə həsr olunmuş elmi konfranslar, simpoziumlar, ixtisasartırma kursları, xarici dil müəllimlərinin beynəlxalq qutultayı və təkmilləşmə kurslarında iştirak etmiş, Göte İnstitutunun təqaüdünü qazanmış və müxtəlif sertifikatlarla təltif edilmişdir.
O, germanistikanın aktual problemlərinə həsr olunmuş respublika və beynəlxalq konfranslarda 20-dən artıq məqalə və tezislərlə çıxış etmişdir. G.Nəcəfova “Фразеологические единицы в немецком и русском языках” adlı dərs vəsaiti, 3 fənn proqramının müəllifidir.
G.Nəcəfova Höte İnstitutunun, Kassel Universitetinin və ADU-nun əməkdaşlığı çərçivəsində həyata keçirilən müəllimlərin təkmilləşdirilməsi layihəsinin üçillik tam proqramını uğurla başa vuraraq alman dili müəllimlərinin təkmilləşdirilməsi sahəsində multiplikator diplomuna layiq görülmüşdür.
Azərbaycan xalqının elminin və təhsilinin inkişafına xüsusi xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarını daim dəstəkləyən Gülbəniz Nəcəfova “Heydər Əliyev ili” çərçivəsində ADU-nun rektoru akademik Kamal Abdullanın ideya müəllifliyi və kafedra müdiri Xuraman Əsgərovanın rəhbərliyi və dəstəyi ilə hazırlanmış “Heydər Əliyev 100. Sitatlar və kəlamlar” kitabının elmi redaktoru olmuşdur. Bu gün Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi dövrdə ikidilli kitab ölkələrimiz arasında münasibətərin daha da yaxşılaşmasına, Heydər Əliyev simasında almandillli auditoriyada Azərbaycan obrazının yaranmasına öz töhfəsini vermiş olar.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyevin yürütdüyü ağıllı dövlət siyasətinin nəticəsi olaraq COP29 tədbirinə töhfə olaraq kafedranın baş müəllimi Gülbəniz Nəcəfova və dosenti, fil.f.d. Xuraman Əsgərovanın rəhbərliyi ilə ADU-nun İngilis və alman dilləri fakültəsi nəzdində “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan 214A və 215R qrup tələbələrinin iştirakı ilə 2 saylı binanın həyətində “Birlik olan yerdə dirilik olar” adlı ekoloji aksiya keçirilmiş, tələbələr ətraf mühitin çirklənməsinə dair maraqlı məlumatı alman və Azərbaycan dillərində təqdim etmiş, təqdimatdan sonra tələbələr universitetin həyətyanı sahəsində güldən ADU Abreviaturasını hazırlamışlar.
Gülbəniz Nəcəfova universitetin ictimai həyatında və alman dilinin inkişafına verdiyi töhfələrə, təhsildə qazandığı uğurlara görə İngilis və alman dilləri fakültəsi üzrə AYIN MÜƏLLİMİ adına layiq görülmüşdür. Bu təqdimat Gülbəniz xanımın əməyinə verilən ən yüksək qiymət və 65 İLLİK yubileyinə dəyərli hədiyyə oldu.
Müəllimlərə göstərdiyi diqqət və qayğıya görə universitetimizin rektoru hörmətli akademik Kamal Abdullaya təşəkkür edirəm.
fil.f.d., dos. Xuraman Səlim qızı Əsgərova
ADU-nun İngilis və alman dilləri fakültəsi nəzdində
Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri





