XƏBƏRLƏR

Tarixi zəfərin müjdəsi

06 noyabr, 2024

5 noyabr 2024-cü il tarixində Azərbaycan Dillər Universitetinin İngilis və fransız dilləri fakültəsi nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə möhtəşəm tarixi qələbəmizə həsr olunmuş “Tarixi zəfərin müjdəsi” adlı dəyirmi masa keçirilmişdir. 

Tədbir kafedranın baş müəllimi  Xatirə Qarazadənin bədii rəhbərliyi və fakültənin 228b, 330a qrup tələbələrinin ifasında baş tutmuşdur. Bakı İstanbul liseyinin şagirdləri universitetimizin fransız dili ixtisası üzrə məzunu bədii rəhbər Amil Əhmədovun “Xarıbülbül” rəqs qrupu ilə tədbirdə iştirak edib, bir neçə rəqs nümunəsi ifa etmişdirlər. Tədbir dövlət müstəqilliyimizin rəmzi olan, möhtəşəm qələbənin həsr olunduğu suveren Azərbaycan Respublikasının himni ilə başlayıb.

Daha sonra Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən vətənimizin səmasında ruhu dolaşan, adı dillər əzbəri olan, ruhları önündə səcdə etdiyimiz mərd oğullarımız, Şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. Tədbir Lider, Xalq, Dövlət və Ordu birliyinin simvoluna çevrilən və bizlərə daima sarsılmaz birliyimizi xatırladan “Dəmir yumruq” və “Xarıbülbül” simvollarının və bu simvolları əbədiləşdirən igid vətən oğullarının qəhrəmanlıq yolunun, böyük zəfərə aparan o böyük şücayət kitabındakı xatirələrin musiqi və şeirlə vərəqlənərək anılması ilə davam edib. Bizi bir millət, dövlət olaraq daha sonrakı tarixi zəfərlərə aparan birgə atılan addımların ölkə Prezidentinin daxili və xarici siyasətinə inamdan irəli gəldiyi və Xalq, Dövlət və Ordu birliyinin məhz qələbəni yetişdirdiyi bir daha göz önündə canlandırıldı. Xatırladaq ki, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası daima dövlətçilik və vətənpərvərlik tədbirlərini kafedranın ictimai tədbirlər siyahısında öndə saxlayır və bu məzmunda fəaliyyəti həmişə müxtəlif müstəvilərdə uğurla reallaşdırır.