ADU-da “Qəhrəmanını tanı” layihəsinin növbəti tədbiri keçirilib
Oktyabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, ADU-nun Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin birgə təşkilatçılığı ilə “Zəfər Günü”nə həsr olunmuş “Qəhrəmanını tanı” layihəsinin növbəti tədbiri keçirilib.
Vətən müharibəsində iştirak etmiş qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq məqsədilə həyata keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov bu cür görüşlərin gənc nəsil üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, Vətən müharibəsi xalqımızın gücünü, iradəsini, mübarizə ruhunu əks etdirən bir dastandır və bu dastanı yazan qəhrəmanlarımızla üz-üzə gəlmək hər bir tələbə üçün unudulmaz bir təcrübədir. Vətən sevgisi bizim yolumuz, Vətən uğrunda döyüşənlər isə ruhumuzun əbədi qəhrəmanlarıdır!
Tədbirin təşkilində göstərdikləri köməkliyə görə ADU-nun rəhbərliyinə dərin minnətdarlığını bildirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının əməkdaşı Aqil Quliyev vurğulayıb ki, bu cür görüşlər yalnız Azərbaycanın tarixi qələbəsinin dərin mənasını anlamaq üçün deyil, həm də qəhrəmanlarımızı gənc nəslə daha yaxından tanıtmaq və onların mirasını yaşatmaq üçün mühüm rol oynayır. Belə görüşlər bir daha sübut edir ki, Vətən sevgisi ən böyük qüvvədir, Vətən uğrunda canını fəda edən qəhrəmanlar isə xalqın qəlbində əbədi yaşayacaqlar.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Mətanət Xəlilova çıxışında bildirib ki, bugünkü görüş, sadəcə, bir tədbir deyil, eyni zamanda, Azərbaycanın şanlı tarixini dərk etməyin yoludur. Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək və milli birliyi daha da möhkəmləndirmək məqsədi daşıyır. Burada iştirak edən qəhrəman qazilərimiz bizə azadlığın əsl mənasını öyrədir.
Sonra söz alan müharibə veteranları keçdikləri şərəfli döyüş yollarından danışıblar. “Böyük Qayıdış” Gənclər Təşkilatının sədr müavini, Aprel döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev bildirib ki, müharibə vaxtı irəli atdığımız hər bir addımımızda arxamızda duran xalqımızın sevgisi və dəstəyi bizə güc verirdi. Hər dəfə önə irəlilədikdə yalnız bir məqsədimiz vardı - torpaqlarımızı azad etmək! Döyüşdə heç bir əsgər özünü tək hiss etmirdi, çünki biz bir yumruq kimi birləşmişdik. Bu, yalnız bir döyüş deyil, həm də Vətənə olan sonsuz məhəbbətin təzahürü idi. Bütün xalqın dəstəyi arxamızdaydı və bu birlik hissi bizə hər şeydən güclü idi.
Daha sonra tələbələrin ifasında “Azərbaycan” kompozisiyası dinlənilib.