ADU-nun əməkdaşları və tələbələri ekoloji aksiyada iştirak ediblər
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 cari il ölkəmizdə keçiriləcək. Bu səbəbdən COP 29 ilə əlaqədar silsilə tədbirlər ölkəmizdə davam edir.
Bununla əlaqədar olaraq, Azərbaycan Dillər Universitetinin İngilis-Alman dilləri fakültəsi nəzdində fəaliyyət göstərən İngilis dilinin fonetikası kafedrasının müdiri dosent Xatirə Qocayevanın rəhbərliyi ilə , kafedranın əməkdaşları və 105b və 224a qrup tələbələri tərəfindən dənizkənarı sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə müvafiq qaydalara, gigiyena və ekoloji normativlərə uyğun şəkildə məişət tullantılarının təmizlənməsi və Novxanı qəsəbə dənizkənarı tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınması həyata keçirilib.
Tədbirin əsas məqsədi ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, gəncləri dənizətrafı sahələrin mühafizəsinə cəlb etmək, ekoloji və sosial məsuliyyətin, ictimai gigiyena vərdişlərinin təbliğində nümunəvi davranışları nümayiş etdirməkdir.
Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir.