XƏBƏRLƏR

Ekoloji mövzuda maarifləndirici tədbir keçirilib

15 oktyabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər kafedrası,   Doktorantura şöbəsi, Magistratura şöbəsi və  “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “COP 29” layihəsi çərçivəsində “Tullantıların idarə edilməsi: təkrar emalın və təkrar istifadənin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanova tullantıların təkrar emal olunmasının böyük əhəmiyyəti ilə bağlı ümumi məlumat verib.

 Bildirib ki, tullantıların təkrar emalı və bərpası ətraf mühitin qorunmasının və zibilxanalara düşən tullantıların miqdarının azaldılmasının vacib hissəsidir. 

Beynəlxalq münasibətlər kafedrasının müəllimi Günel Hacalıyeva “Tullantılardan formalaşan “yeni qitə”-Sakit Okeanın böyük “zibil adası” mövzusu problemi” ilə çıxış edərək bildirib ki, kütləvi zibil yığını Sakit okeanın 1,5 milyon kvadrat kilometr ərazisini tutur və okeanın ekosistemi üçün böyük təhlükə yaradır.

Beynəlxalq münasibətlər kafedrasının doktorantı Athar Azhar Mahmood “Təkrar emal sahəsinin inkişaf tarixi və müasir vəziyyəti”, Beynəlxalq münasibətlər kafedrasının magistrantları Gülşən Vəliyeva  “Tullantıların idarə edilməsi sahəsində Azərbaycan Respublikasının siyasəti”,  İlahə Qəmbərli isə “Təkrar istehsal sahəsində dünya təcrübəsi”  mövzularında çıxış edərək faydalı məlumatlar veriblər.

Tədbirin sonunda Regionşünaslıq kafedrasının müdiri  prof. Sevdagül Əliyeva, Beynəlxalq münasibətlər kafedrasının müdiri prof.Aida Yusifova mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir müzakirələrlə yekunlaşıb.