Elmi Şuranın tədris ilinin yekunlarına həsr olunmuş sonuncu iclası keçirilib

İyulun 8-də Azərbaycan Dillər Universitetində Elmi Şuranın 2023-2024-cü tədris ilinin yekunlarına həsr olunmuş sonuncu iclası keçirilib.
Öncə Qazaxıstanın Avrasiya Milli Universitetindən olan qonaq ADU rəhbərliyini və kollektivini salamlayıb. ADU ilə əməkdaşlıq imkanları haqqında məlumat verilib. Gələcək elmi əməkdaşlığın istiqamətləri barəsində fikirlər səsləndirilib, Memorandum imzalanıb. Şura üzvləri səsləndirilən fikirlərə müsbət yanaşıb və gələcək elmi əməkdaşlığın imkanlarını dəyərləndirmək üçün görüşlərin keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Daha sonra Almaniyada təhsillərini davam etdirəcək bir qrup ADU tələbələri ilə görüşən rektor və elmi şura üzvləri onlara gələcək təhsil həyatlarında uğurlar arzu ediblər.
ADU-nun rektoru, akademik Kamal Abdulla şura üzvlərini salamlayıb, qarşıda duran məsələlərlə bağlı məlumat verib. Qeyd olunub ki, ADU ötən tədris ilində kifayət qədər böyük uğurlara və nailiyyətlərə imza atıb. Belə ki, tədrisin elektronlaşdırlması prosesi uğurla başa çatıb, tələbələrin vahid portalda məlumatları daxil edilib. Bu da tələbələr üçün öz baza məlumatlarını və imtahan nəticələrini daha operativ və obyektiv şəkildə əldə etməsinə şərait yaratmış olur.
QS beynəlxalq reytinqlər cədvəlində ADU-nun ikinci dəfə yer tutması ötən tədris ilində əldə olunan uğurlardan biri kimi qiymətləndirilib. Dünyanın 2500 universiteti arasında 301-ci yeri tutan ADU tarixi uğuru yenidən təkrarlamaqla, qarşıya qoyulan məqsəd və vəzifələri layiqincə yerinə yetirdiyini bir daha sübut etmiş oldu.
Növbəti uğur kimi ADU-nun dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən Banqkok şəhərində keçirilən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində “THE Impact 2024” reytinqinin nəticələrinə əsasən yer tutması vurğulanıb.
ADU-da yeni fəaliyyətə başlayan beynəlxalq dil və mədəniyyət mərkəzləri də xarici əlaqələrin qurulması baxımından önəmli bir hadisə kimi qeyd olunub. Şeyx Zayed adına Ərəb dili auditoriyasının açılışı bu mənada xüsusi olaraq vurğulanıb.
Daha sonra çıxış edən Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova, Biliyin qiymətləndiriməsi şöbəsinin müdiri Fatma Qurbanzadə, Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova cari məsələlərlə bağlı qarşıdan duran əsas təklifləri şura üzvlərinin müzakirəsinə çıxarıblar.
ADU-nun Minsk və Belqrad universitetlərində fəaliyyət göstərən mərkəz təmsilçiləri də fəaliyyətləri ilə bağlı şura üzvlərinə məlumat verib
2023-2024-cü ilin yekunlarına həsr olunan Elmi şuranın yekun iclası növbəti tədris dövrü ilə bağlı kafedra və elmi strukturların fəaliyyət istiqamətləri ilə bağlı səsləndirilən təklif və dəyişikliklərin müzakirəsi ilə başa çatıb.







































