XƏBƏRLƏR

ADU-da Ərbakır Fənn Liseyinin rəhbərliyi ilə görüş keçirilib

27 iyun, 2024

Azərbaycan  Dillər Universitetində (ADU) Türkiyə Respublikası, Dənizli əyalətinin Ərbakır Fənn Liseyinin rəhbərliyi və bir qrup müəllim heyəti ilə görüş keçirilib.

Görüşdə  Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin direktoru Aqşin Bağırov, Ərbakır Fənn Liseyinin rəhbəri Seda Hilal Nişancı və liseyin müəllim heyəti iştirak edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, ADU son illər beynəlxalq əlaqələrin qurulmasında, yeni elmi əməkdaşlıq imkanlarının artırılmasında  mühüm işlərə imza atmaqdadır.

Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə olduğu kimi elmi, mədəni sahədə də inkişafından söz açan rektor qonaqlara ADU-da fəaliyyət göstərən beynəlxalq dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib.

Ərbakır  Fənn Liseyinin nümayəndə heyəti səmimi qarşılanmaya və qonaqpərvərliyə görə ADU rəhbərliyinə təşəkkürünü bildirib.

Bildirilib ki, Türkiyənin seçilən təhsil ocaqlarından biri olan Ərbakır Fənn Liseyi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin əməkdaşlıq etdiyi qardaş məktəbdir.

Üçtərəfli görüşün təşkilatçısı kimi çıxış edən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin direktoru Aqşin Bağırov yaradılan şəraitə görə ADU rəhbərliyinə və kollektivinə öz minnətdarlığını bildirib.

Qeyd olunub ki, ADU ilə ikitərəfli əlaqəsi olan Təhsil Kompleksinin bu görüşü təşkil etməkdə əsas məqsədi liseyin nümayəndələrini universitet haqqında əyani və geniş şəkildə  məlumatlandırmaq, gələcəkdə liseyin məzunlarının ADU-nun  tələbəsi olması və qarşılıqlı gələcəkyönümlü işlər görmək olub.

Görüş elmi əməkdaşlıq və təcrübə proqramları ətrafında müzakirələrlə davam edib.