“Azərbaycan poeziyasında təbiət sevgisi” mövzusunda tədbir keçrilib
Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, fil.f.d. Sənubər Zeynalova və baş müəllimi Sevinc Məmmədovanın təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində COP29-a həsr olunmuş “Azərbaycan poeziyasında təbiət sevgisi” mövzusunda tədbir keçrilib.
Tədbirdə Təhsil 1 fakültəsinin dekanı professor F.Cahangirov, ADU-nun rektorunun məsləhətçisi A.Osmanlı, Alman dilinin leksikolgiyası və üslubiyyatı kafedrasının müdiri fil.f.d., dos. X.Əsgərova, kafedranın əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin ətraf mühitlə bağlı fikirlərini əks etdirən videoçarxla başlanıb.
Tədbiri açılış nitqi ilə kafedra müdiri fil.f.d., dos. Xuraman Əsgərova çıxış edib. O öz çıxışında qeyd edib ki, qədim zamanlar odu Allah, torpağı müqəddəs, babalarımız bulaq gözü açmağı, bağ salmağı, təbiəti qorumağı xeyirxah iş sayıblar. Bütün bunları böyüməkdə olan nəslin şüuruna çatdırmaqda şair və yazıçıların əməyi əvəzsizdir. Azərbaycan diyarının füsunkar təbiəti ta qədimdən söz ustalarının ilham mənbəyi olmuşdur. Şair və yazıçılarımız öz əsərlərində təbiətin gözəlliyini böyük məhəbbətlə qələmə almış və bu gözəlliyi dönə-dönə vəsf etmişlər.
Rektorun məsləhətçisi Anar Osmanlı qeyd edib ki, COP 29-un Azərbaycanda keçirilməsi, ölkəmizin bu qlobal məsələyə münasibətdə məsuliyyətini və liderlik rolunu nümayiş etdirir. Bu konfrans həm ölkəmizin ekoloji siyasətlərini irəli aparmaq, həm də dünya səviyyəsində iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynamaq üçün əlverişli imkanlar yaradır.
Fakültə dekanı professor Fikrət Cahangirov qeyd edib ki, Azərbaycanın bu önəmli hadisəyə ev sahibliyi etməsi, həm daxili, həm də beynəlxalq miqyasda iqlim dəyişikliyi ilə mübarizədə yeni mərhələnin başlanğıcı olacaq. Ətraf mühitin qorunması, Azərbaycan Respublikasının dövlət siyasətinin bir hissəsidir. Bu sahədə görülən tədbirlər, ölkəmizin dayanıqlı inkişaf strategiyasının əsasını təşkil edir.
Tədbirdə tələbələrin ifasında Azərbaycanın görkəmli ədiblərinin əsərlərindən təbiət mövzusuna dair nümunələr səsləndirilib.
Ətraf mühitin qorunmasının, Azərbaycan ədəbiyyatında da əhəmiyyətli bir mövzu olduğunu vurğulayan tədbirin təşkilatçıları bu məsələ ilə bağlı yazılmış ədəbi əsərlər, təbii sərvətlərin qorunması, təbii mühitin dəyişdirilməsi və insanların təbiətə münasibəti kimi məsələlərin vacibliyini qeyd ediblər.