XƏBƏRLƏR

"Heydər Əliyev irsi Rusiya və Azərbaycan millətlərarası əlaqələrinin stabilləşdirilməsi amili kimi" mövzusunda dəyirmi masa keçirilib

10 may, 2024

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri dosent Nigar Zeynalovanın təşkilatçılığı ilə "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" VII Beynəlxalq elmi konfransı çərçivəsində "Heydər Əliyev irsi Rusiya və Azərbaycan millətlərarası əlaqələrinin stabilləşdirilməsi amili kimi" mövzusunda dəyirmi masa keçirilib.

Görüş onlayn formatda Bakıdakı Rusiya Maarif Nazirliyinin Açıq Təhsil Mərkəzinin və Qroznıdakı ÇDPU Azərbaycan Mədəniyyəti Mərkəzinin bazasında təşkil olunub.

Tələbələr çıxışlarında Azərbaycanın böyük oğlu Heydər Əliyevin xalqın mənəvi mədəniyyəti və ənənəvi dəyərlərinin qorunmasında, müasir Azərbaycanın təşəkkülündə və beynəlxalq əlaqələrin möhkəmləndirilməsindəki rolu haqqında danışıblar.

Dəyirmi masada Azərbaycan və Rusiya Federasiyası arasında humanitar əməkdaşlıq məsələlərinə, xüsusilə, təhsil, mədəniyyət və elm sahələrində tərəfdaşlığa geniş yer verilib.

Dəyirmi masada ADU-nun TEC-in sədri Röya Əliyeva, ÇDPU-nun Tədris və Beynəlxalq əlaqələr üzrə prorektoru Tamara Avtayeva, kafedra müdirləri Marina Qaziyeva, Raisa Buralova və Maret Betimirzəyeva iştirak ediblər.

Görüşün ötən ilin aprel ayında ADU və ÇDPU arasında imzalanmış əməkdaşlıq haqqında razılaşma əsasında 2023-cü ilin iyununda yaradılmış rus dilində Açıq Təhsil Mərkəzi və Azərbaycan Mədəniyyəti Mərkəzi çərçivəsində silsilə şəklində keçirilən qarşılıqlı tədbirlərdən biri olduğu qeyd olunub.