XƏBƏRLƏR

“Ədəbiyyat adamı” mükafatı təqdim olunub

03 may, 2024

Azərbaycan Dillər Universitetində Yaradıcılıq Fondunun dəstəyi ilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırılması və Yaradıcılıq fakültəsinin məzunlarına diplomların təltif olunması mərasimi keçirilib.  

Mərasimdə çıxış edən Xalq yazıçısı, akademik Kamal Abdulla müsabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib: “Bildiyimiz kimi, may ayı Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Biz də fondumuz adından qərara gəldik ki, bu özəl gün münasibətilə ədəbiyyatçılarımız, ziyalılarımız üçün bir mükafat təsis edək və onu hər ilin may ayında təqdim edək. Artıq mükafatı beşinci ildir ki, təqdim edirik. Bəs niyə ədəbiyyat adamı? Fikrimcə, bu ad çox iddiasız, mütəvazi addır. Bizim aləmimizdə ədəbiyyat adamı sakitcə ədəbi fəaliyyətlə məşğul olan, zəhmətkeşliyi, peşəkarlığı əsas prinsip seçən, ədəbiyyatı həyat kimi, həyat tərzi kimi yaşayan, “ədəbi yaxşılıqlar edən”, ədəbiyyatın dostu olan şəxsdi. Biz bu gün Yaradıcılıq fakültəsinin dinləyicilərini də uğurlayırıq. Onlar bu gün diplomlarını alacaqlar. İnanıram ki, aldıqları təhsilin izlərini, rayihəsini onların gələcək yaradıcılıqlarında hiss edəcəyik. İnanıram ki, onlar həmişə ədəbiyyatın yanında, mətnin yanında olacaqlar. Sevinirəm ki, bizim məzunların içində artıq imzası tanınanlar var. ”.

Sonra Ədəbiyyat adamı” mükafatına layiq görülənlər   Ramiz Rövşən, Həmid Herisçi, Aydın Talıbzadə, Rüstəm Behrudi, Azər Turan, Etimad Başkeçid, Aqşin Yenisey, Nərgiz Cabbarlı, Varis, Ulucay Akif təltif olunublar.

Qaliblər çıxış edərək “Ədəbiyyat adamı” mükafatına layiq görüldükləri üçün təşəkkür ediblər.

Qeyd edək ki, “Ədəbiyyat adamı” layihəsi çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxsaylı tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.