ADU-da Məmməd Əmin Rəsulzadənin 140 illiyi münasibəti ilə tədbir keçirilib
Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrası, Azərbaycanşünaslıq Mərkəzi və Magistratura şöbəsinin birgə təşkil etdiyi Məmməd Əmin Rəsulzadənin 140 illiyi münasibəti ilə “Mühacirət həyatı və elmi yaradıcılığı” adlı tədbir keçirilib.
Tədbirin moderatoru Regionşünaslıq kafedrasının baş müəllimi Xəyalə Ağayeva tədbirin prezident İlham Əliyevin 2023-cü il dekabr ayında Məmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubeliyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq keçirildiyini bildirib və onun Azərbaycan tarixində qoyduğu ictimai-siyasi, elmi-nəzəri irs ilə bağlı məlumat verib.
Regionşünaslıq kafedrasının müəllimi Mehparə Tajdehibonab Məmməd Əmin Rəsulzadənin Türkiyədə mühacirət dövrü barədə məlumat verib. M. Ə. Rəsulzadənin milli mücadilə tariximizdə böyük xidmətlərindən söz açıb, fəaliyyətinin I dövrü - 1922-1931 və II dövrü - 1948-ci ildən sonra baş verən hadisələri təhlil edərək fikirlərini bildirib.
Regionşünaslıq kafedrasının müəllimi Harun Sadıqlı Məmməd Əmin Rəsulzadənin Avropadakı mühacirət dövrü barədə məlumat verib. Onun Polşa, Almaniya və Ruminiyadakı fəaliyyətindən danışıb, 1932-1947-ci illər arasında baş verən əsas hadisələri təhlil edib və hadisələrin əhəmiyyəti barədə danışıb.
Magistratura şöbəsinin Regionşünaslıq kafedrasında pedaqoji təcrübə keçən II kurs magistrantı Nəzrin Babayeva Məmməd Əmin Rəsulzadənin ədəbi yaradıcılığı mövzusuna toxunub, onun dövrü mətbuatdakı çıxışlarından bəhs edib. O, həmçinin, Rəsulzadə yaradıcılığında əhəmiyyətli nəşrlərdən biri olan "Bir türk milliyətçisinin Stalinlə ixtilal xatirələri" kitabında XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xüsusi qeyd edib.
Regionşünaslıq kafedrasının müdiri prof.Sevdagül Əliyeva Məmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri haqqında danışıb. O, 1941 –ci ildə Dahi Nizaminin ölkədə 800 illik yubileyinə hazırlıqdan və mühciratda olan M.Ə.Rəsulzadənin peşəkarcasına, bir ədib, filoloq kimi şairin əsərlərini necə araşdırması və kitabın dərc edilməsi yolundakı maneələr haqqında məlumat verib.
Tədbir Məmməd Əmin Rəsulzadənin öz səsindən olan videoçarxla bitib.