XƏBƏRLƏR

“Azərbaycan filmləri milli geyimləri necə təbliğ edir” adlı tədbir keçirilib

26 aprel, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq kafedrası, Azərbaycanşünaslıq Mərkəzi və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan filmləri milli geyimləri necə təbliğ edir” adlı tədbir keçirilib.

 Tədbiri giriş sözü ilə açan Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva müxtəlif xalqların  milli geyimlərinin yaranmasına təsir göstərən amillər, Azərbaycan milli geyiminin formalaşmasının  tarixi, inkişaf dinamiklası,  orta əsrlər dövrü milli geyimlərimizin dəqiq formalarının bizə qədər gəlib çatmamasının səbəbləri və geyim nümunələrinin bərpası üçün aparılan tədqiqatlar haqqında məlumat verib.

 Magistratura şöbəsinin II kurs magistrantı  Nərmin Muradova “Azərbaycanda toxuculuq və parça istehsalı” haqqında danışıb. O, ilk geyimlərin hansı parçalardan tikildiyini, geyimdə istifadə olunan materialların növləri : cecim, darayı, tafta, bafta, ipək, qanovuz və s. haqqında məlumat verib.

Regionşünaslıq kafedrasının müəllimi Kəmalə Qurbanova “Azərbaycan filmlərində qədim dövr və ilk orta əsrlərə aid geyimlər” haqqında məlumat verirdi. O, “Dədə Qorqud”, “Babək”, “Nizami”, “Nəsimi”, “Fətəli xan” filmlərində əks olunan geyim nümunələrini təhlil edərək, bu filmlərin çəkilişi zamanı geyimlərlə bağlı baş vermiş maraqlı hadisələrdən danışıb və geyimlərin detalları və aksesuarları haqqında nümunələr göstərib.

Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə “Azərbaycan filmlərində XIX əsrə aid  milli geyim nümunələri” haqqında çıxış edib. “Dərviş Parisi partladır”, “Dəli Kür”, “Qanlı Zəmi” filmlərində  istifadə olunun qadın və kişi geyimlərinin parçaları, tikiliş üslubu və rəng elementləri haqqında müqayisə aparıb.

Regionşünaslıq kafedrasının müəllimi Nailə Məmmədova “Azərbaycan filmlərində XX əsrdən bu günədək  olan dövrdə geyim və baş örtükləri” mövzusunu: "O olmasın, bu olsun", "Arşın mal alan", "Əhməd haradadır?", "Qaynana", "Yuxu"  filmlərində istifadə olunan milli geyimlər və aksesuarlar əsasında müqayisə edərək dəyişən dinamıkanı diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan filmlərindən fraqmentlər, geyimlərlə bağlı təqdimatlar, Regionşünmaslıq kafedrası tərəfindən hazırlanan kalağayı sərgisi iştirakçıların diqqətinə təqdim edilib.