XƏBƏRLƏR

ADU-nun Belqrad Universiteti ilə əməkdaşlığı genişlənir

15 mart, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq şöbənin müdiri Anar Rəhimov 14 mart tarixində Serbiyanın Belqrad Universitetinin Şərqşünaslıq fakültəsinin rəhbəri professor Ema Milkoviç və Şərqşünaslıq kafedrasının müdiri professor Ksenya Aykutla görüşmüşdür. Görüşdə həmçinin ADU-nun dəstəyi, akademik Kamal Abdullanın şəxsən iştirakı ilə Belqrad universitetində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti mərkəzinin rəhbəri Günel Babanlı iştirak etmişdir. 

Anar Rəhimov çıxışında təmsil etdiyi ADU-nun Qafqazda dilləri və mədəniyyətləri öyrədən ən böyük təhsil müəssəsi olduğunu, universitetdə 20-dən artıq xarici dilin, o cümlədən Serb dilinin serb mütəxəssis tərəfindən uğurla tədris olunduğunu,  ADU-nun bu il QS beynəlxalq reytinqində Müasir dillərin tədrisi sahəsində ilk dəfə yer aldığını qeyd etmişdir. 

Görüş zamanı başlıca olaraq Belqraddakı Azərbaycan Dili və Mədəniyyəti mərkəzinin daha uğurlu fəaliyyət göstərməsi yolları, eləcə də Belqrad universitetində serb, həmçinin əcnəbi tələbələrə keçilən Azərbaycan dili dərsininin davamlılığını təmin etmək, daha keyfiyyətli təşkil etmək yolları müzakirə edilmişdir.

Yerli professorlar  Azərbaycan dilinə marağın tələbələr arasında yetərincə yüksək olduğunu qeyd etmiş, mərkəzin gələcəkdə də uğurlu fəaliyyəti üçün zəruri addımların atılacağını bildirmişlər.