XƏBƏRLƏR

Birlik olmağın yolu

23 fevral, 2024

Birlik olmağın yolu

 

22.12.2023-cü il tarixində Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə ADU-nun 2 saylı binasında (Təbriz 81) “Weihnachtsmarkt“ (Milad yarmarkası)  adlı tədbir keçirildi.

Hər il Azərbaycanda təntənə ilə qeyd olunan Milad bayramı yeniliyi, əmin-amanlığı, həmrəyliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir.

Yarmarkada ADU-nun Elmi İşlər üzrə prorektoru Novruz Məmmədov, rektorun məsləhətçisi Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı Fikrət Cahangirov, MM deputatlarından Arzu Nağıyev, Elman Nəsirov, Nərimanov rayon Gənclər və İdman sektorunun müdiri Bahəddin Hüseynov, Qərbi Azərbaycan İcmasının koordinatoru Fərhad Qənbərov, kafedra müdirləri və tələblər iştirak etdilər.

Yarmarkada evdə hazırlanmış şirniyyat, tələbələrin əl işləri, kitab, Milad bayramı dekorasiyası və s. əşyalar nümayiş olundu. Bu bayram insanları birləşdirir, onlara paylaşmağı, sevməyi və ümid etməyi öyrədir. Tədbiri keçirməkdə əsas məqsədimiz dilini öyrəndiyimiz xalqın adət-ənənəsinə sadiq qalaraq tələbələrdə nağılvari bayram ruhunu yaratmaqla yanaşı, onlarda sevgi və mərhəmət hissi aşılamaq,  alman dilinə marağı artırmaq, komanda şəklində birlikdə işləmək bacarığını formalaşdırmaq idi. Yarmarkada Təhsil 1 fakültəsində “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan bütün tələbələr iştirak etdilər. Tələbələrin belə bir birlik nümayiş etdirməsi universitet rəhbərliyinin diqqətindən yayınmadı. Bütün tələbələrə şəxsi işlərinə yazılmaqla təşəkkür elan olundu. Kafedramıza, xüsusilə tələbələrimizə göstərdiyi diqqət və qayğıya görə universitetin rektoru hörmətli akademik Kamal Abdullaya  minnətdarlığımızı bildiririk.

Xeyriyyə məqsədilə keçirilən yarmarkaya çıxarılmış məhsulların satışından “əldə olunan 1500  vəsait Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrin təhsil haqqının müəyyən bir hissəsinin ödənilməsinə yönəldi. Yığılan vəsaitin hər kurs üzrə bir tələbənin təhsil haqqının ödənilməsi üçün ayrılması nəzərdə tutulsa da, yuxarı kurs tələbələri böyüklük nümayiş etdirərək yolu birinci və ikinci kurs tələbələrinə verdilər. Təhsil 1 fakültəsinin dekanı Fikrət Cahangirov, kurslar üzrə dekan müavinləri və tyutorların iştirakı ilə Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasında keçirilən “Püşkatma”da birinci kursdan dörd və ikinci kursdan bir tələbə seçildi. Tələbələr seçimin çox ədalətli və düzgün təşkil olunduğunu vurğulayaraq gələcəkdə belə tədbirlərin keçirilməsində daha da fəal iştirak edəcəklərinə söz verdilər.

Xeyriyyə adı altında bir insana ümid olmağı, ona sevinc bəxş etməyi bu bayram vasitəsilə bacaran tələbələr öz işlərindən xeyli məmnun qaldılar. Onların fikrincə Xeyriyyəçilik fəaliyyətində iştirak məsələsi insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. İnsan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər.

Xeyriyyəçiliyin ictimai əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, o, cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Axı, çətin məqamda başqalarından dəstək almış insan özü də, imkan daxilində başqalarına kömək göstərməyə daha çox meyil edəcək.

                              

            Fil.f.d., dosent Xuraman Əsgərova

            Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri