XƏBƏRLƏR

ADU-da 20 Yanvar faciəsi anılıb

22 yanvar, 2024

20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Müstəqillik qazanmış xalqımız həmin günü heç vaxt unutmur və hər il Ümumxalq Hüzn Gününün qeyd olunması ölkəmizin bu qanlı tarixinin yaşanması üçün böyük əhəmiyyət kəsb edir.

Yanvarın 19-da xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar  ADU-nun İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasında 20 yanvar faciəsi anılıb.

Kafedra əməkdaşları 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Kafedra  müdiri dos. Mehriban Hüseynova çıxışında xalqımıza qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi nəticəsində Azərbaycanda misli görünməmiş faciənin yaşandığını diqqətə çatdırıb. Daha sonra  o, böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisələri ilə bağlı bəzi xatirələrindən danışıb.

Kafedranın müəllimi Leyla Məmmədova bildirib ki, “20 Yanvar” faciəsi Azərbaycan xalqının XX əsrdə yaşadığı ən böyük faciələrdəndir və müstəqillik qazanmış xalqımız həmin günü heç vaxt unutmur və unutmayacaq.

Kafedranın müəllimi f.f.d., Xəyalə Əliyeva 20 Yanvar hadisələri barədə geniş məlumat verib.  O, həmin gecənin Azərbaycan xalqının tarixində təkcə faciə deyil, həm də azadlıq, müstəqillik uğrunda mübarizə, qəhrəmanlıq səhifəsi və milli azadlığın oyanış günü kimi həkk olunduğunu vurğulayıb.

Günay Süleymanova bildirib ki, Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir.

Tədbir iştiraçıları öz çıxışlarında qeyd ediblər ki, həmin hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübuta yetirdi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrini özündə əks etdirən edən fotolar, 20 Yanvar gününə həsr edilmiş kitablar da  nümayiş olunub.

   Allah şəhidlərimizə rəhmət eləsin!