XƏBƏRLƏR

ADU-da ECAR adlı Erasmus+ layihəsi çərçivəsində növbəti iclas olub

20 dekabr, 2023

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində yaradılan Beynəlmilləşmə komitəsinin növbəti iclası Azərbaycan Dillər Universitetində keçirilib.

Beynəlmilləşmə komitəsinin sədri  Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova ilk öncə qonaqları salamlayaraq onları Universitetimzdə görməkdən məmnun olduğunu bildirib. Layihənin əhəmiyyətindən, layihə çərçivəsində yaradılmış Beynəlmilləşmə komitəsinin fəaliyyəti, Komitənin Strategiyası və Əsasnaməsi haqqında məlumat verib. Daha sonra o, Azərbaycan təhsil müəsissələrində Beynəlmiləlləşmə sahəsində mövcud problemləri diqqətə çatdırıb. Komitə üzvləri həmçinin bu problemlərin aktual olmasını vurğulayıb və həlli yollarını müzakirə ediblər.

Layihə koordinatoru Gülşən Bayramova layihədə bugünə qədər görülən işlər layihə çərçivəsində yaradılmış Komitələrin fəaliyyəti, aparılan tədqiqat, hesabatlar barəsində məlumat verib.

Bakı Dövlər Universitetinin Nanoaraşdırmalar ETL-in böyük laborantı Günel Əliyeva Erasmus+ Jean Monnet layihəsi və Dövlət Gömrük Komitəsinin Akademiyasının  beynəlxalq əməkdaşlıq və layihələr koordinatoru və ikili dərəcə proqramının koordinatoru Elvin Mecidov isə “Excellent MA ITCLSC” layihəsi və Jean Monnet layihəsi haqqında geniş məlumatla çıxış ediblər

Daha sonra iclas iştirakçıların sual-cavabı ilə davam edib.