ADU-da beynəlxalq dəyirmi masa keçirilib

Dekabrın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) “Təhsil-1” fakültəsinin bazasında Pedaqogika kafedrası, Elm şöbəsi ilə Rusiyanın Maarif Nazirliyinin Açıq Təhsil Mərkəzinin birgə elmi-metodikifəaliyyəti çərçivəsində “Polimədəni mühit: şəxsiyyət, cəmiyyət, təhsil” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
Dəyirmi masada Azərbaycan Dillər Universitetinin, Çeçenistan Dövlət Pedaqoji Universitetinin, Dövlət Maarif Universitetinin (Moskva şəhəri), Dağıstan Dövlət Pedaqoji Universitetinin, Abxaziya Dövlət Universitetinin elmi-pedaqoji kollektivinin nümayəndələri, o cümlədən, Bakı məktəblərinin müəllimləri iştirak ediblər.
Forumun keçirilməsində məqsəd polimədəni sosium şəraitində şəxsiyyətin formalaşmasının aktual problemlərinin müzakirəsi, dialoq və sabitlik prinsiplərinə dayanan mədəniyyətlərin konstruktiv inkişafı və qarşılıqlı fəaliyyətini təmin edən səmərəli mexanizmlərin müəyyənləşdirilməsi olub.
İştirakçıların çıxışlarında müasir polimədəni cəmiyyətin problemlərinin mühüm aspektləri öz əksini tapıb. Polimədəni təhsil sahəsində tolerantlığın formalaşması, mədəniyyətlərarası dialoq, pedaqoji şüurda kosmizm ideyaları, Azərbaycan multikulturalizmi, mədəniyyətlərin çoxcəhətliliyinin eyniyyətin formalaşmasına təsiri və digər məsələlərə toxunulub.
Dəyirmi masanın yekununda qeyd edilib ki, ali təhsil müəssisələri və məktəblərin təhsil mühitində polimədəniliyin gerçəkləşdirilməsi, fikir və təcrübə mübadiləsi müxtəlif mədəniyyətlərin nümayəndələri arasında tolerantlığın və qarşılıqlı anlaşmanın inkişafına töhfə verəcək.
Tədbir iştirakçılarının fikirlərinə görə, polimədəni cəmiyyətdə mədəniyyətlərarası dialoqun inkişafı, gənclərin mənəvi-əxlaqi tərbiyəsi məsələləri və polimədəni eyniyyət modelinin axtarışı elm və təhsil sahəsində gələcək qarşılıqlı əməkdaşlığın istiqamətlərindən birinə çevrilməlidir.





