XƏBƏRLƏR

ADU-da Kazan Federal Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

24 noyabr, 2023

Noyabrın 22-də Azərbaycan Dillər Universitetində Kazan Federal Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Kazan Federal Universitetinin Filologiya və mədəniyyətlərarası Kommunikasiya İnstitutunun direktoru Radif Zamaletdinov, direktorun beynəlxalq əlaqələr və inkişaf üzrə müavini Elzara Qafiyatova, Kayum Nasiri adına elmi-tədris mərkəzinin direktoru Alfiya Yusupova və ADU-nun rəhbərliyi iştirak edib.  

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, elmi əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. ADU-nun beynəlxalq nüfuzundan və Azərbaycanda ildə iki dəfə təşkil olunan Multikulturalizm məktəbinin fəaliyyətindən danışan rektor qonaqlara Azərbaycanın tolerant bir xalq kimi bölgədə sülh və əminəmanlığa böyük töhfə verdiyini söyləyib:

“Azərbaycan Dillər Universiteti QS beynəlxalq reytinq cədvəlində 1600 dünya  universitetləri arasında 300-cü yerə layiq görülüb. Bu ADU tarixində bir ilk idi. Müasir dillər təsnifatı üzrə ilk dəfə belə bir uğur qazanmaq bizə əlavə stimul vermiş oldu.

Qarşılıqlı elmi əlaqələrin qurulması yeni elmi mübadilələrin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Biz birgə elmi nəşrlərin və jurnalların çapı ilə də məşğul ola bilərik. Düşünürəm bu əməkdaşlığımızın inkişafı üçün müsbət amillərdən biri ola bilər.

Bildiyiniz kimi Azərbaycan multikultural bir dövlət kimi dünya üçün nümunəvi bir ölkəyə çevrilib. Bizim amalımız xalqların birgəyaşayışına, sülhə və ədalət prinsipinə sadiq qalmaqla hər kəsə bərabər və tolerant yanaşmanı sərgiləməkdir”.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Kazan Federal Universitetinin Filologiya və mədəniyyətlərarası ünsiyyət institutunun direktoru Radif Zamaletdinov ADU ilə elmi əməkdaşlığa maraqlı olduqlarını bildirib. Qeyd olunub ki, birgə elmi jurnal və nəşrlərin həyata keçirilməsi yönündə addımların atılması universitetlər arasında əməkdaşlıq üçün əlverişli imkanların yaranmasına gətirib çıxaracaq.

Görüş gələcək elmi əməkdaşlığın ətrafında müzakirələrlə davam edib.