XƏBƏRLƏR

ADU-nun rektoru TURFLI proqramının nümayəndə heyəti ilə görüşüb

31 oktyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla TURFLI proqramının nümayəndə heyəti -  Viskonsin-Madison Universitetində Türk dili müəllimi, professor Nalan Erkan Erbil, Amerika Şurasında TURFLI proqramının meneceri Aleksandr Talık, Viskonsin-Madison Universitetində dil proqramlarının qurucu direktoru, Lora Hamond, TURFLI proqramının ADU-da rezident direktoru Karəlayn Saqer ilə görüşüb.

Kamal Abdulla nümayəndə heyətini universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor qeyd edib ki, ADU dünyanın bir sıra nüfuzlu universitetləri ilə elmi, mədəni əlaqələr qurur, müəllim-tələbə mübadiləsini davam etdirir. Bu istiqamətdə atılan addımlar ikitərəfli əlaqələrin genişlənməsi və inkişafı üçün olduqca əhəmiyyətlidir.

Rektor Kamal Abdulla qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ingilis dilində nəşr olunan  “Həqiqətin onomastikası” kitabını hədiyyə edib. Rektor kitabın indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr edildiyini də vurğulayıb.

Qonaqlar görüşün əhəmiyyətindən danışıb, səmimi və xoş qarşılanmaya görə universitet rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Danışıqlar zamanı onlar tələbələrin Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı biliklərini yüksək qiymətləndirdiklərini bildirib, həmin biliklərin tələbələrin gələcək uğurlarına təsirinin əminliyini bildiriblər.

Qeyd edək ki, TURFLI ADU-da 8 həftəlik - bir semestr davam edən intensiv dil proqramıdır.