XƏBƏRLƏR

Fakültə dekanının 1-ci kurs tələbələri ilə görüşü keçirilib

23 oktyabr, 2023

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Elnarə Putayeva və fakültə tyutorları ilə 1-ci kurs tələbələrinin görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan fakültə dekanı, professor Fikrət Cahangirov tələbə adını qazanmış tələbələri təbrik edib, onlara uğurlar arzu edib.

Fakültə dekanı tələbələrə ADU haqqında ümumi məlumat verib. O qeyd edib ki, Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olub.  Bu universitetlərdən biri də Azərbaycan Dillər Universitetidir ki, ADU “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 - 340 universitet qrupuna daxil olub. Eləcə də, fakültə dekanı universitetdə fəaliyyət göstərən mərkəzlər, struktur və bölmələrin fəaliyyətləri barədə də tələbələrə məlumat verib.

Daha sonra dekan müavini, fəlsəfə doktoru Elnarə Putayeva kredit sistemi ilə tədrisin təşkili barədə geniş məlumat verərək tələbələri çoxballı sistemin mühum anlayışları ilə tanış edib. İclasın gedişində tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb, onlara lazımı məsləhətlər verilib.

Sonda fakültə dekanı tələbələrə daxili nizam-intizam qaydalarına ciddi əməl etmələri və universitetin ictimai həyatında fəal iştirak etmələri haqqında tövsiyələr verib.