XƏBƏRLƏR

Rusiyalı alimlər ADU-nun ixtisasartırma kurslarında iştirak ediblər

25 sentyabr, 2023

Sentyabr ayının 19-dan 23 - nə qədər Rusiyanın Patris Lulumba adına Xalqlar Dostluğu Universitetinin Xarici dillər kafedrasının müdiri, Rusiya AAK-nın eksperti f.f.d., professoru Malüqa Yelena Nikolayevna, həmin kafedranın f.f.d., dos. Raduk Aleksandra Vladimirovna və f.f.d., dos. Sibul Viktoriya Vladimirovna ADU-nun Fransız dilinin fonetikası və qrammatikası kafedrasının dəvəti ilə Azərbaycan Dillər Universitetinin İxtisasartırma kurslarında iştirak ediblər.

Rusiyalı mütəxəssislər ADU-nun Filologiya fakültəsinin fransız və ingilis dili dərslərində iştirak edərək müəllimlərin innovativ tədris metodları ilə tanış olublar. Eyni zamanda, universitetdə fəaliyyət göstərən müxtəlif dil və mədəniyyət məzkəzlərinə baş çəkmiş, Magistratura və Doktorantura şöbələrinin rəhbərləri ilə səmərəli və hər iki tərəfi maraqlandıran fikir mübadiləsi aparıblar.

ADU-da olduqları zaman onlar universitetin rektoru akademik Kamal Abdulla və Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova ilə görüşüblər. 

22.09.2023-cü il tarixdə Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, professor Ülfət İbrahimin təşəbbüsü ilə “İşgüzar - peşəkar ünsiyyətin aktual (müasir) məsələləri” adlı dəyirmi masa təşkil edilib.

Görüş zamanı birgə beynəlxalq konfransların təşkili, ikili diplomların həyata keçirilməsi, ixtisasartırma kurslarının təşkili, doktorant və dissertant işlərinə ikitərəfli rəhbərlik, indeksləşmiş elmi jurnallara müəllim və tədqiqatçıların cəlb olunma imkanlarının genişləndirilməsi kimi məsələlər müzakirə olunub. Müzakirələrdə universitetin  prorektorları, dekanları, kafedra müdirləri, müəllimlər, doktorant və dissertantlar fəal iştirak ediblər.

Qonaqlar ADU-nun  müəllim və professor heyətinin suallarını cavablandırıblar. Qeyd olunub ki, yaxın gələcəkdə iki universitet arasında əməkdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutulub.