XƏBƏRLƏR

ADU-da Elmi şuranın yekun iclası keçirilib

24 iyul, 2023

 

İyulun 21-də Azərbaycan Dillər Universitetində 2022-2023-cü tədris ilinin yekunlarına həsr olunmuş Elmi şuranın növbəti iclası keçirilib. 

ADU-nun rektoru, akademik  Kamal Abdulla ADU-nun ötən tədris ilində qazandığı nailiyyətlərdən, uğurlardan danışıb.

Qeyd olunub ki, ADU tarixində ilk dəfə beynəlxalq QS reytinq cədvəlində 1600 universitet arasında 301-ci yeri tutub. Bu tarixi bir uğurdur. Bildirilib ki, ADU-nun beynəlxalq əlaqələri son illər sürətlə inkişaf etməkdədir.

Daha sonra ADU-nun  Beynəlxalq təhsil proqramı üzrə məzunlarına sertifikatlar təqdim olunub. Məzunlara gələcək həyatlarında uğurlar arzulanıb.

ADU-nun Tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova ötən tədris ilinin yekunları ilə bağlı çıxış edib. Qeyd olunub ki, ötən tədris ili ADU üçün kifayət qədər uğurlu nəticələrlə yadda qalıb.

Bildirilib ki, beynəlxalq QS reytinq cədvəlində ADU-nun yer tutması bu baxımından xüsusi olaraq diqqəti çəkir.

ADU-nun strateji planı və perspektiv addımları haqqında danışan prorektor yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər barəsində məlumat verib.

Qeyd olunub ki, ADU tələbə qəbulu nəticələrini ildən-ilə daha da yüksəldir və bu da keyfiyyətli təhsilin və təlim strategiyasının uğurla icra olunmasından xəbər verir. Vurğulanıb ki, bu istiqamətdə müəllimlərin bilik və bacarıqlarının artırılması, yeni təlim strategiyaları ilə tanışlığı önəmli proseslərdən biridir.

ADU-nun Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova ötən tədris ilində görülən işlərlə bağlı məlumat verib. Qeyd olunub ki, universitet bir sıra akademik göstəricilərinə görə irəliləməkdədir.

Bildirilib ki, yeni tədris ilində də bu göstəricilərin yüksələn xəttlə inkişaf etməsi yönündə zəruri addımlar atılacaqdır.

2022-2023-cü tədris ilinin yekunlarına həsr olunmuş Elmi şura çapa tövsiyələr və təkliflərlə işini yekunlaşdırıb.