XƏBƏRLƏR

Qroznıda Ulu öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

24 iyun, 2023

İyunun 21-də Çeçenistan Respublikasının paytaxtı Qroznıdakı Heydər Əliyev parkında Çeçenistan Dövlət Pedaqoji Univesiteti, Azərbaycan Dillər Univesiteti və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Öncə tədbir iştirakçıları Qroznıdakı Fəxri xiyabanda Axmat Kadırovun və Qroznıdakı Heydər Əliyev parkındakı Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

Tədbiri giriş nitqi ilə Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov açıb. Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova öz çıxışında Universitetin rektoru, akademik Kamal Abdullanın salamlarını və təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.

Tədbirə dəvət olunmuş qonaqlardan Çeçenistan Parlamentinin deputatı A.Naqaev, Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya məsələləri üzrə nazir müavini M. Başirov, Çeçenistan Respublikası Elmlər Akademiyasını akademiki Ş.Qapurov, Çeçenistan Yazıçılar İttifaqının sədri A.Yelsaev tədbir iştirakçılarını salamlayıb, Ulu öndər Heydər Əliyevi hörmət və ehtiramla anıblar. 

Daha sonra tədbir Çeçenistan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasında Ulu öndər Heydər Əliyevə həsr olunmuş məruzulərlə davam edib.