XƏBƏRLƏR

ADU-nun professoru beynəlxalq təlimdə iştirak edib, sertifikatla təltif olunub

31 may, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, professor Ülfət İbrahim 21-27  may tarixlərində Hindistanın Qoa Universiteti və Fransa Respublikasının Hindistandaki səfirliyi nəzdində fəaliyyət göstərən, Fransız İnstitutu ilə birlikdə Regional Pedaqoji Universitetində təşkil olunmuş fransız dili müəllimlərinin təkmilləşdirilməsi üçün keçirilən təlimlərdə iştirak edib.

Qeyd edək ki, təlimləri Fransa Respublikası ali təhsil müəssisələrindən ezam olunmuş dilçi mütəxəssislər aparıblar. Bir həftə ərzində davam edən təlimləri fransız dili müəllimlərinin müxtəlif yeni tədris metodları ilə tanışlıq, dilin tədrisinin aktuallığı, fonetika və qrammatika fənlərinin tədrisində yeni yanaşmalar əhatə edib.

Pedaqoji təlimlərdə Hindistanın müxtəlif bölgələrini təmsil edən müəllimləri ilə bərabər Azərbaycan, Şri-Lanka, Nepal, Butan və digər ölkələrdən müəllimlər iştirak ediblər. Təlimlər Qoa Universitetinin tədris binasında keçirilib.

Tədbirin sonunda Fransa Respublikasının Mumbay şəhərində konsulu, Dehlidə fəaliyyət göstərən təhsil və mədəniyyət üzrə müşavir və universitetin administrasiya üzvləri iştirak edib.

Təlimləri uğurla başa vuran 70-ə yaxın müəllimə sertifikat təqdim olunub.