XƏBƏRLƏR

"Ulu öndər Heydər Əliyev və Azərbaycan tarixi məsələləri" - elmi-praktik seminar

05 may, 2023

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili"elan edilməsi ilə bağlı "Ulu öndər Heydər Əliyev və Azərbaycan tarixi məsələləri" mövzusunda elmi-praktik seminar keçirilib.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli tədbirin mahiyyətindən danışarkən tarixən azərbaycanlılara qarşı törədilən soyqırım və deportasiya hadisələri, qayıdışından sonra Ulu öndərin bu məsələyə olan yanaşmasından, verdiyi siyasi qiymətdən söz açıb.

AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, Qərbi Azərbaycan İcmasının üzvü professor Cəbi Bəhramov Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, ailə tarixçəsi haqqında geniş məlumat verib, onun milli dəyərlərə böyük önəm verən şəxsiyyət olduğunu bildirib:

"Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərə, adət-ənənələrə, dini etiqada əsaslanaraq, çox böyük milli-əxlaqi və bəşəri duyğuları özündə cəm edən, cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnək olan dahi şəxsiyyət idi".

O, eyni zamanda ölkədə baş verən tarixi hadisələrdən söz açıb, Ulu öndərin dövlətçiliyimiz üçün gördüyü böyük işlər barədə tarixi faktlarla və xronoloji ardıcıllıqla məlumat verib.

Sonda professor Cəbi Bəhramov iştirakçıların mövzu ətrafında  suallarını cavablandırıb.

Seminarda Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə, Azərbaycanşünaslıq Elmi Mərkəzinin müdiri t.f.d. Aqşin Rüstəmov, Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva, Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva, Doktorantura şöbəsinin müdiri  Nərgiz Qarayeva, müəllim və tələbələr iştirak edib.