ADU-nun əməkdaşı “ANKOSLink 2022” beynəlxalq konfransında iştirak edib
Dünyanın müxtəlif ölkəsindən 500-dən çox kitabxana-informasiya mütəxəssisinin qatıldığı “ANKOSLink 2022” beynəlxalq konfransda Azərbaycan Dillər Universitetinin ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva da iştirak edib.
Ankos başkanı İsmayıl Çetinkayanın açılış nitqi ilə başlayan konfransda müxtəlif panellərdə elm və təhsil resursları, verilənlər bazasının idarəedilməsi, qarşılıqlı birgə fəaliyyət, süni intellektin kitabxana işinə tətbiqi və yeni tendensiyalar, informasiya əldə etməkdə davamlılıq, davamlı rəqəmsal mühafizə, nəşriyyat sahəsindəki yeniliklər və kitabxanalarda yeni texnoloji həllərin tətbiqi kimi məsələlər müzakirə olunub.
Qeyd edək ki, konfrans 21-24 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilib.
Səfər zamanı ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru C. Əliyeva 25 noyabr tarixində Əhməd Cavadın 130 illiyinə həsr olunan ədəbi bədii gecədə də iştirak edib.
Bildirilib ki, həmin gecədə Ə.Cavadın həyatı, fəaliyyəti haqqında, həmçinin Akdeniz universitetinin tələbələri tərəfindən şerləri də səsləndirilib.