XƏBƏRLƏR

ADU-da Zəfər Gününə həsr olunan dəyirmi masa keçirilib

02 noyabr, 2022

Noyabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər kafedrası və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirin moderatoru, ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli Zəfər Günü münasibəti ilə iştirakçıları təbrik edib, tarixi qələbəmizdən söz açıb. 

ADU-nun rektoru, akademik Kamal Abdulla 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Rektor tarixi qələbəmizdən danışarkən, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. 

Rektor deyib ki, Vətən müharibəsi günlərində Azərbaycan Dillər Universitetinin kollektivi müxtəlif ölkələrin universitet  və səfirliklərinə, dövlət və qeyri hökumət təşkilatlarına, media strukturlarına Azərbaycan həqiqətləri haqqında 20-ə yaxın dildə 5000-dən artıq  məktub ünvanlayıb. Univerisitetin tələbələri də sosial şəbəkələrdə informasiya müharibəsində fəal vətəndaş mövqeyi göstəriblər.

Millət vəkili Etibar Əliyev dəvətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, Qələbəmizi səciyyələndirən bir neçə məqam və amillər barədə fikirlərini bölüşüb. Millət vəkili işğal dövründə tarixi abidələrimizə, şəhər və kəndlərimizə qarşı erməni vandalları tərəfindən törədilən vəhşiliyə diqqət çəkib.

Millət vəkili Müşfiq Məmmədli Qələbəmizdən söhbət açarkən, onun  Ali Baş Komandanımız İlham Əliyevin qüdrətli sərkərdəliyi və xalqımızın birliyi nəticəsində ərsəyə gəldiyini bildirib. Məhz 44 günlük müharibədən sonra ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya bəyan etdi.

Millət vəkili Naqif Həmzəyev Ermənistan ordusunun, xüsusilə bu ölkənin hərbi-siyasi rəhbərliyinin ağır məğlubiyyətin əvəzini çıxmaq məqsədi ilə müharibə günlərində mülki əhaliyə qarşı törətdiyi cinayətlərdən söz açıb, Gəncə, Bərdə və Tərtər şəhərlərinin raket atəşinə tutulması nəticəsində həlak olmuş insanların xatirəsi yad edib.