ADU Erasmus+ layihəsinin Fransada keçirilən təlim proqramında iştirak edir
Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin Fransada 3-7 oktyabr tarixlərini əhatə edən təlim proqramı öz işinə başlayıb.
Fransa Beynəlxalq Təhsil təşkilatında keçirilən ilk görüşdə layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları, Azərbaycan elm və təhsil nazirinin müşaviri, prorektorlar, o cümlədən digər səlahiyyətli universitet nümayəndələri iştirak ediblər.
Təşkilatın beynəlxalq əlaqələr üzrə koordinatoru və Rouen Universitetinin keçmiş prezidenti Jean-Luc Nahel tədbiri giriş sözü ilə açaraq bütün qonaqları salamlayıb və Fransada görməkdən məmnunluğunu ifadə edib. Təşkilatın təhsil əməkdaşlığı departamentinin direktor müavini Bruno Kurval isə layihə çərçivəsindəki sıx əməkdaşlığın uğurla davam etdiyini və təlim proqramının faydalı olacağını vurğlayıb.
Daha sonra Rennes Universitetinin prezidenti David Alis tədbirdə onlayn formatda iştirak edərək “Rektor konfranslarında komitələrin rolu və fəaliyyəti” mövzusunda geniş təqdimatla çıxıb edib. O, konfransın tərkibində fəaliyyət göstərən müvafiq komitələrin vacibliyinə toxunaraq onların fəaliyyət istiqamətləri, təşkilati strukturu, funksiyaları barəsində təcrübələrini bölüşüb. Çıxışlardan sonra iştirakçılar arasında faydalı müzakirə və fikir mübadilələri aparılıb.
Təlimdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova və Ümumi işlər üzrə prorektor Vüqar Mehrabov iştirak edirlər.