XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetində İstehsalat müşavirəsi keçirilib

14 sentyabr, 2022

Sentyabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) İstehsalat müşavirəsi keçirilib.

ADU HİK-nin sədri Misgər Məmmədov universitet kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Qeyd olunub ki, ADU-nun MHİK-nin 1345 üzvü var. Hər il olduğu kimi cari tədris ilində də ADU əməkdaşlarının sosial və rifah halının yüksəldilməsi istiqamətində əməli addımlar atılacaq: 

“Pedaqoji prosesin idarə edilməsi, müasir təlim texnologiyalarından istifadə, yüksək ixtisaslı kadr hazırlığı, əqidə, dünyagörüş və vətəndaşlıq mövqelərinin formalaşdırılmasında ADU-da yaradılmış laboratoriyalar kadr hazırlığının peşə, ixtisas, şəxsiyyətin dünyagörüşünün səviyyəsinin formalaşdırılmasına yönəlib və müvəffəqiyyətlə icra olunur.”

ADU-nun rektoru, akademik Kamal Abdulla universitet kollektivinə yeni tədris ilində uğurlar arzu edib,  hər kəsin öz işini layiqincə yerinə yetirəcəyinə inandığını vurğulayıb. Bildirilib ki, ADU kollektivi və tələbə heyəti hər zaman nümunəvi davranış göstərib və metodiki baxımından peşəkarlığını nümayiş etdirə bilib:

“ADU  beynəlxalq münasibətlərin qurulmasına xüsusi önəm verir. Dünyanın bir sıra universitetlərində qarşılıqlı elmi mərkəzlərin fəaliyyəti buna əsas verir ki, biz işlərimizi daha yüksək səviyyədə həyata keçirə bilək. Azərbaycan dili mərkəzlərinin xarici ölkə universitetlərində fəaliyyəti ölkəmizi təkcə elmi baxımından yox, həmçinin siyasi baxımından təmsil etməsi deməkdir.  Həmçinin müəllimlərimiz yenə də stajartırmaya gedəcəklər. Biz stajartırmanın marşrutlarını da müəyyənləşdirmişik. Bunlar yenə də bizim xaricdəki partnyor universitetlər olacaq. Eyni zamanda, ən vacib məsələlərdən biri də budur ki, biz təkcə özümüzdən başqa yerə stajartırmaya müəllim göndərməyəcəyik. Biz başqa yerlərdən də stajartırmaya müəllimlər qəbul edəcəyik. Biz Azərbaycan, ingilis, fransız dillərinin tədrisi istiqamətində xaricdən gələnləri qəbul edəcəyik. Amerikadan, Almaniyadan tələbələr bizim universitetdə türk və Azərbaycan dillərini öyrənirlər. Bu layihə çoxdan var idi və indi də davam edir.”

İstehsalat müşavirəsi müəllim və professor heyətinin təklif və çıxışları ilə davam edib.