XƏBƏRLƏR

ADU-da “Dəyərlər və kimlik” mövzusunda mühazirə təşkil olunub

11 may, 2022

ADU-nun Magistratura şöbəsi və Fəlsəfə kafedrasının təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasovun tədris etdiyi Azərbaycan multikulturalizmi fənni üzrə tədris qrafikinə uyğun “Dəyərlər və kimlik” mövzusunda mühazirəsi təşkil olunub.

Mühazirə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, fəlsəfə doktoru Mehman İsmayılovun iştirakı ilə baş tutub.

Magistratura şöbəsinin müdiri dos. Firuzə Rzayeva görüşü açıq elan edərək qonaqları salamlayıb və məruzəçini magistrlərə təqdim edib. Həmçinin Firuzə Rzayeva müstəqil Azərbaycan dövlətinin memarı, əziz və unudulmaz xatirəsi hər zaman bizimlə olan Azərbaycan elmini və təhsilini intibaha qovuşduran ümummilli liderimiz Heydər Əliyev haqqında öz fikirlərini bölüşüb. Mühazirədə ümummilli liderin əziz xatirəsi ehtiramla anılıb. 

Daha sonra mühazirədə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun yaradılması və fəaliyyəti haqqında geniş məlumat verərək, mənəvi dəyərlərin təbliği işinin cənab Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu qeyd edib. 

O, gənclərimizin milli-mənəvi dəyərlərimiz əsasında yetişdirilməsinin və tərbiyə olunmalarının vacibliyini vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov da öz növbəsində magistrlərə Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarından, ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafından bəhs edərək iştirakçıların suallarını cavablandırıb. 

Görüş mövzu əsnasında maraqlı müzakirə ilə yekunlaşıb.