XƏBƏRLƏR

“Daşnaq və bolşeviklərin xalqımıza qarşı törətdikləri Mart soyqırımı” - dəyirmi masa

30 mart, 2022

Martın 29-da Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının, Beynəlxalq münasibətlər və Regionşünaslıq kafedrasının təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımına  həsr olunmuş “Daşnaq və bolşeviklərin xalqımıza qarşı törətdikləri Mart soyqırımı” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirdə kafedra müdirləri, müəllimlər və tələbələr iştirak edib.

Tədbirdə  Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli  1918-ci il xalqımıza qarşı törədilmiş Mart soyqırımı, Ulu öndər Heydər Əliyevin soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək üçün  həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verib. Tədbir professor İ.Kazımbəylinin moderatorluğ ilə davam edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “Mart soyqırımı: səbəb və nəticələri” haqqında səhih mənbələr əsasında baş verən hadisələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Erməni təkilatlarının “xeyriyyəçilik” adı altında mənfur siyasətlərini həyata keçirdiklərini qeyd edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Mart soyqırımı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində” mövzusunda çıxış edib, beynəlxalq qanunlara istinadən xalqımıza qarşı törədilmiş soyqırımın dünyada tanıdılması istiqamətində fəaliyyəti artırmağa ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Beynəlxalq münasibətlər kafedrasının müəllimi Səbinə Məmmədova “1918-ci il 31 mart soyqırımının tarixi gerçəkləri” mövzusunda çıxışında ermənilərin törətdikləri soyqırım cinayətlərini sənədlər əsasında təhlil edib. Ümummilli lider Heydər Əliyevin bu soyqırımın tanıtdırılması istiqamətində fəaliyyətini diqqətə çatdırıb.

Regionşünaslıq kafedrasının müəllimi, f.d. Şəfəq Mustafayeva “1918-ci il Mart soyqırımının siyasi hədəfləri” mövzusunda çıxışında ermənilərin məqsədli şəkildə soyqırım törətmələrini, 1918-ci il Mart soyqırımı və 1992-ci il Xocalı soyqırımının dünyada tanıtdırılması istiqamətində Prezident İlham Əliyevin fəaliyyətindən danışıb.

Müzakirələrdə Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekan müavini, dosent Asif Abbasov səsləndirilən fikirlərə münasibətini bildirib, bir də belə hadisələrin baş verməməsi üçün müstəqilli daim qorumağın vacibliyini vurğulayıb.