XƏBƏRLƏR

ADU-nun əməkdaşları Türkiyənin Atılım Universitetindəki təlimlərdə iştirak edirlər

27 fevral, 2022

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin müəllimləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ADU-nun birgə layihəsi olan “Tərcüməçi hazırlığı ilə məşğul olan Müəllimlərin Beynəlxalq Akademik Mübadilə” (THBAM) layihəsi çərçivəsində Türkiyənin Atılım Universitetində təşkil olunan təlim və dərslərdə iştirak edirlər. Həmçinin, əməkdaşlar ADU-nun rektoru akademik Kamal Abdulla tərəfindən imzalanmış mədəni, elmi və akademik sahələrdə əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Atılım Universitetinin rektoru professor Dr. Yıldırım Üçtuğa təqdim ediblər. 

Atılım Universitetinin İncəsənət və Elmlər fakültəsinin dekanı professor Dr. Ayfer Altay və Tərcümə (ingilis dili üzrə) kafedrasının müdiri professor Dr. Berrin Aksoyun da ADU-da seminar keçirməsi planlaşdırılır.

Qeyd olunan layihə çərçivəsində ADU əməkdaşlarına Fransanın Strasburq Universiteti, İtaliyanın Milan Tərcüməçilik Məktəbi, İngiltərənin London Metropolitan Universiteti, Amerikanın Coastal Carolina Universiteti və Türkiyənin Atılım Universitetinin əməkdaşları tərəfindən bir sıra təlimlər keçirilməsi nəzərdə tutulur.