XƏBƏRLƏR

ADU-da Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

25 fevral, 2022

Fevralın 25-də Azərbaycan Dillər Universitetində 26 Fevral Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb: “Biz şəhidlərimizi heç zaman unutmayacağıq. Xocalı faciəsi Azərbaycan tarixinə qanla yazılmış səhifələrdən biridir. Xocalı bizim əbədi olaraq yaddaşımızdadır. Xocalı hər gün bizimlədir. Ulu öndər Heydər Əliyevin birbaşa təşəbbüsü, səyi, təklifi, israrlı fəaliyyəti ilə bu hadisələrə siyasi qiymət verildi. 44 gün davam edən Zəfər savaşında Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edə bildi. Bu gün prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində dünyanın bir çox ölkəsində Xocalı hadisəsi adekvat olaraq qiymətləndirilir. Bu gün Azərbaycan Prezidentinin fəaliyyəti bizə inam verir ki, Xocalı kimi hadisələrin, Azərbaycan-erməni münasibətlərinin qarşıdurmasının nəticəsi haqqın, ədalətin xeyrinə olacaq. “Xocalıya ədalət” layihəsi ilə Azərbaycan dünya ölkələrinin qarşısına çıxır”.

Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, faciə qurbanlarının əziz xatirəsi qəlbimizdə daima yaşayacaqdır. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını qeyd edən Namiq Əsədov Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkəmizin informasiya blokadasından çıxaraq, Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını xüsusilə vurğulayıb. 

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “Xocalı faciəsi:səbəb və nəticələri” mövzusunda çıxış edib: “Ermənilərin millətçi-şovinist siyasətinin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. Azərbaycan toponimlərini dəyişmək, münbit əraziləri ələ keçirmək, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmaq şovinist erməni xislətinin əsas əlamətləridir. Onlar əsasən keçid dövrlərini, siyasi kataklizmləri özləri üçün əlverişli hesab edib və müəyyən təxribatlar, ağır cinayətlər törədiblər”.

Regionşünaslıq kafedrasının dosenti Bəhmən Əliyev “Xocalı faciəsi: tarixi gerçəkliklər və həqiqətlər” mövzusunda çıxış edib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edərkən ermənilərin Qarabağa olan iddialarının qarşısını qətiyyətlə alırdı. Müdrik siyasəti, qabaqlayıcı tədbirləri, Qarabağda gördüyü abadlıq-quruculuq işləri və mədəni tədbirləri ilə ermənilərin qərəzli planlarını alt-üst edirdi. Faciənin nəticələrindən belə qənaətə gəlmək olur ki, burada ermənilərin əsas məqsədi Xocalını yer üzündən silmək olub. Bu vəhşi əməliyyatda ermənilərlə yanaşı, Xankəndidəki 366-cı alayın 3 batalyonu, habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar da yaxından iştirak ediblər. Hadisənin təşkilatçıları və ümumiyyətlə, birbaşa Xocalı soyqırımını törədənlər Robert Koçaryan, Serj Sarkisyan və digərləri olublar. Hansı ki, bu cinayətkarlar, əlləri minlərlə dinc azərbaycanlının qanına bulaşmış qatillər uzun illər Ermənistana rəhbərlik ediblər.

Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva “Xocalı soyqırımının xarici mətbuatda əks sədası” mövzusunda çıxış edib. Çıxışda bildirilib ki, dünya mediasında Xocalı faciəsi ilə bağlı silsilə yazılar, sujetlər hazırlanmış, baş vermiş soyqırıma ədalət çağırışları olmuşdur. Bu gün də bu istiqamətdə tutarlı faktlardan və dəlillərdən istifadə olunmaqla dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırılır.

Tədbirdə Xocalıdan olan şəhid ailələri də iştirak edib.

Təhsil 1 fakültəsinin tələbəsi Sevinc Eyvazova “Xocalı faciəsi” adlı şeir söyləyib, Filologiya fakültəsinin tələbəsi Nəzrin Hüseynzadə “Xocalı faciəsi qan yaddaşımızda” mövzusunda çıxış edib.

Sonda Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışlarını əks etdirən videoçarx təqdim olunub.