XƏBƏRLƏR

ADU-nun professoru Edison Hacıyev 80 illik yubileyini qeyd edir

07 fevral, 2022

ADU-nun İngilis dilinin qrammatikası kafedrasının dosenti Edison İmran oğlu Hacıyev 80 illik yubileyini qeyd edir. Bu münasibətlə ona ünvanlanan təbriki təqdim edirik.  

Hörmətli Edison müəllim, bu il Sizin anadan olmağınızın 80-ci ildönümü tamam olur. Zəngin hadisələrlə dolu olan bu həyat yolunuzu Siz ləyaqətlə yaşamış, yorulmaq bilməyən fəaliyyətinizlə Azərbaycanda dilçilik elminin inkişafına təmənnasız xidmət etmişsiniz. Hələ gənclik illərindən təhsilə, elmə olan marağınızın nəticəsidir ki, elmin çox çətin keçilən yollarını böyük əzmlə, qətiyyətlə addımlayaraq böyük uğurlara imza atmışsınız. Sizin bir çox əsəriniz dünyanın müxtəlif ölkələrində çap olunaraq, gənc tədqiqatçılar tərəfindən daima istifadə olunur. 

Edison İmran oğlu Hacıyev 1941-ci il fevralın 4-də Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində anadan olmuşdur. Hələ orta məktəbdə oxuyarkən ən şərəfli peşə olan müəllimliyi seçib, orta təhsilinizi yüksək qiymətlərlə başa vurmuşsunuz. 1959-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsinə daxil olmuş və 1964-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə 1964-cü ildən İngilis dilinin qrammatikası kafedrasında müəllim kimi saxlanılmışsınız. 1964-cü ilin dekabrından 1965-ci ilin avqust ayına kimi Sovet Ordusu sıralarında xidmət etmiş, ordudan sonra yenə həmin kafedrada müəllim, 1971-ci ildə isə kafedranın baş müəllimi seçilmişsiniz. 1968-1969-cu illərdə İranda, 1974-1977-ci illərdə Suriya Ərəb Respublikasında tərcüməçi kimi işləmişsiniz. 1987-ci ildə Tiblisi şəhərində namizədlik dissertasiyası müdafiə etmiş, 1989-cu ildə kafedranın dosenti, 1990-2000-ci illərdə isə ingilis dilinin qrammatikası kafedrasının müdiri seçilmişsiniz. Bu illər ərzində Moskva, Kiev, Minsk şəhərlərində və ABŞ-ın Corctaun Universitetində ixtisasartırma kursu keçmişsiniz. Uzun müddət respublikada tərcüməçilik fəaliyyəti ilə məşğul olmuş, Milli Məclis, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyində və bir sıra müşavirə və seminarlarda tərçüməçilik etmişsiniz. Avropa Şurasının xətti ilə Sloveniya və Avstriyada təhsil məsələləri üzrə keçirilən konfrans və seminarlarda, 1999-cu ildə İranda Beynəlxalq konfransda iştirak etmişsiniz. 2001-2006-cı illərdə 2 №-li ingilis dili fakültəsinin dekanı kimi fəaliyyət göstərmişsiniz.

Qrammatika üzrə 2 kitab və bir sıra proqramların və 60-dan çox elmi məqalə və tezisin müəllifisiniz. İngilis dilində nəşr edilmiş “Heydər Əliyev Milli Konstitusiyamızın yaradıcısı və banisidir” kitabının redaktoru, ixtisası ingilis dili olmayan ali məktəblər üçün dərs vəsaitinin redaktoru olmuşsunuz. Bu illər ərzində ingilis dilinin nəzəri qrammatikası, müqayisəli tipologiya və müasir ingilis dilində variantlar fənlərindən dərs aparmışsınız. Bir sıra magistrlik dissertasiyalarına rəhbərlik edirsiniz. 2014-cü ilin iyul ayında İngilis dilinin qrammatikası kafedrasının professoru seçilmişsiniz.

Siz gərgin elmi axtarışlarınızla və əldə etdiyiniz elmi nailiyyətlərinizlə mütəxəssislərin nüfuzunu qazanmış və bu zaman öz sadəliyinizi təvazökarlığınızla qoruyub saxlaya bilmiş, eyni zamanda Sizə tapşırılan bütün işlərin öhdəsindən layiqincə gələ bilmişsiniz.

Müəllimlik fəaliyyətiniz dövründə daim öz üzərinizdə çalışmaqla, tədris prosesində ən yeni metodlardan istifadə etməklə Siz tələbələrin sevimlisinə çevrilmişsiniz. Pedaqoji fəaliyyətinizin nəticələrinə görə Siz dəfələrlə universitet rəhbərliyinin fəxri fərmanlarına layiq görülmüşsünüz. Gənclərlə işləməkdən zövq alan bir insan kimi daim gənclərə qayğı göstərmiş, onların rastlaşdıqları çətinliklərin aradan qaldırılmasında və elmi biliklərin artırılmasında onlara yardımçı olmuşsunuz.

Hörmətli Edison müəllim, Sizi universitetin professor-müəllim heyəti adından yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, uzun ömür və universitetimizin inkişafı naminə gördüyünüz işlərdə böyük uğurlar arzu edirik.