XƏBƏRLƏR

Ülfət İbrahim: “Tələbələrimlə həmkar kimi rəftar edirəm”

01 fevral, 2022

“Elm adamı” layihəsində Azərbaycan Dillər Universitetinin müəllim və əməkdaşları elm, təhsil, texnologiya ilə bağlı sualları cavablandıracaq. Qonaqlar öz elmi bacarıqları və təcrübələrini bölüşəcəklər.  Layihənin növbəti qonağı ADU-nun Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülfət İbrahimdir.  

- Ülfət müəllim, layihəmizdə sizi xoş gördük. Təhsiliniz haqqında oxuculara məlumat verə bilərsinizmi? 

- 1995-ci ildə Bakı şəhəri 46 saylı fransız təmayüllü orta ümumtəhsil məktəbini əla qiymətlərlə bitirdikdən sonra təhsilimi ADU-nun Tərcümə (fransız dili) ixtisası üzrə davam etdirərək, 1999-cu ildə bakalavriaturanı, 2001-ci isə magistraturanı fərqlənmə diplomu ilə bitirmişəm. Eyni zamanda 2005-ci ildə Fransanın Strasburq Universitetinin Dilçilik ixtisası magistr üzrə əlaçı məzunuyam. 2008-ci ildə Azərbaycanda ilk dəfə ADU-nun Elmi Şurasında “Roman dilləri” ixtisası üzrə dissertasiya müdafiə etmiş və filologiya üzrə fəlsəfə doktoru diplomuna layiq görülmüşəm. Hazırda elmlər doktorluğu proqramı üzrə doktroluq dissertasiyası üzərində tədqiqatlarımı davam etdirirəm.

- Avropa təhsil sisteminin üstünlükləri və tədrisin keyfiyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Avropa təhsil sisteminin müsbət tərəflərindən saatlarla danışmaq olar. Bu çox vaxtımızı aparacaq. Sözsüz ki, çatışmayan cəhətlər də var. Amma bir məsələni əminliklə söyləyə bilərəm ki, maddi maraq müqabilində şan-şöhrət xatirinə diplom və elmi adlar alan yoxdur. O ki qaldı qoşulduğumuz Boloniya prosesinə, bu Azərbaycan təhsil sisteminə uyğun deyil.

- Məzunların karyera imkanları və iş tapmaqla bağlı çətinliklərinin əsasında nələr durur?

- Fikrimcə, təhsil bazarının ehtiyaclarının düzgün dəyərləndirilməməsi. İxtisas açılanda mütləq bu ixtisasi bitirən məzunların iş perspektivləri nəzərə alınmalıdır.

- Alimin cəmiyyətdə rolu və mövqeyi nədən ibarət olmalıdır?

- Ritorik sualdır. Özümü alim hesab etmirəm. Alim cəmiyyəti gələcəyə aparan parlaq bir işıq olmalıdır. Sadə, təvazökar, cəsarətli olmaqla yanaşı azad və açıq düşüncə rəmzinə çevrilməlidir. Hər zaman düzgün yol göstərməli və dəyərli məsləhətlər verməlidir. Təəssüflər olsun ki, bizdə elmdən uzaq insanlar şan-şöhrət üçün bu ada yiyələnməyə çalışır və məqsədlərinə asanlıqla nail ola bilirlər.

- Tələblərinizin uğurlarından danışaq.

- Tələbələrlə hər zaman xoş münasibətlər qurub, bu münasibətləri qoruyub saxlamağa çalışıram. Hər bir müvəffəqiyyətlərinə onlarla bərabər sevinirəm. İlk tədris etdiyim gündən bu günə qədər onlara hər zaman “siz” deyə müraciət edərək, həmkar kimi rəftar edirəm. Onlara öz övladlarım kimi yanaşır və ünsiyyətdə olmaqdan zövq alıram. Şübhəsiz ki, hər dövrün öz parlaq ulduz tələbələri olur.

- Ən çox bəyəndiyiniz rejissor və film adlarını deyə bilərsinizmi?

- Ən çox sevdiyim bədii filmlər Fransua Trüffonun “Axırıncı metro” və “400 zərbə” filmləridir.

- Hansı 3 bədii əsəri oxuculara oxumağı  məsləhət bilirsiniz?

- Klassik fransız ədəbiyyatını çox bəyənirəm. Emil Zolya “Jerminal”,“Parisin  bətni”, Stendal “Parma  kiralık  evi”, Balzak “Bəşəri  komediya”.

- Son olaraq tələbələrə uğur qazanmağın formulunu necə təqdim edə bilərsiniz?

- Düşünürəm ki, hər bir insan sevdiyi işlə məşğul olmalıdır. Hər bir şəxs gördüyü işdən həzz almalı, onu sevərək icra etməlidir. Cəmiyyətdə baş verən hadisələri düzgün dəyərləndirərək, öz istiqamətini seçməlidir. Universitet və professor-müəllim heyəti isə bu yolda gənclərə dəstək olmaqla yanaşı, onların bilik və bacarıqlarının  inkişaf etdirilməsində onlara yardım etməlidirlər. 

Söhbətləşdi: Tural Cəfərli