ADU-da “Heydər Əliyev və musiqi” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq ETL–nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və musiqi” mövzusunda dəyirmi masa keçirilib.
Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının mədəniyyəti və incəsənətinə, xüsusilə musiqisinin inkişafında və musiqi sahəsinin mütəxəssislərinə böyük qayğı və diqqət yetirdiyini bildirib.
Universitetin Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov Ulu öndərin Niyazi, Rəşid Behbudov, Səid Rüstəmov, Lütfiyar İmanov və digər incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğısı haqqında fikirlərini bölüşüb. Professor Novruz Məmmədov eyni zamanda tədbirin təşkili üçün Azərbaycanşünaslıq ETL–ə və Regionşünaslıq kafedrasına öz təşəkkürünü bildirib.
Azərbaycan Milli Konservatoriyasının “Musiqi tarixi və musiqi nəzəriyyəsi” kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi, professor Akif Quliyev “H.Əliyev dövründə Azərbaycanda musiqi təhsilinin inkişafı haqqında” çıxış edərək, Ulu Öndərin dövründə yaradılmış musiqi məktəbləri, xalq konservatoriyaları, Milli Konservatoriyanın yaradılmasının əhəmiyyəti haqqında danışıb.
Regionşünaslıq kafedrasının b/m t.ü.f.d Rəna Rəcəbli Heydər Əliyev dövründə musiqiçilərə verilən qiymət, onlara fəxri adların, orden və medalların, mükafatların verilməsi, adlarının əbədiləşdirilməsi sahəsindəki fəaliyyət barədə məlumat verib.
Bakı Xoreoqrafiya məktəbinin musiqi şöbəsinin müəllimi Xədicə Ağayeva “Heydər Əliyev və Azərbaycanda rəqs və xoreoqrafiya sahəsinin inkişafı” haqqında məlumat verərək, Ulu Öndərin Azərbaycanda və beynəlxalq aləmdə milli rəqslərimizin inkişafı üçün şərait yaratması və xoreoqrafiya sahəsinin yenilikləri haqqında danışıb.
Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə ”Heydər Əliyev və Azərbaycan musiqisinin beynəlxalq aləmdə tanıdılması” mövzusunda təqdimat edib.
O, həmçinin Heydər Əliyevin Azərbaycan musiqiçiləri və musiqi əsərlərinin beynəlxalq aləmə çıxarılması, beynəlxalq miqyaslı musiqi tədbirlərinin Azərbaycanda keçirilməsinə şərait yaratdığını və Heydər Əliyev Fondunun Ulu Öndərin bu istiqamətdəki fəaliyyətini davam etdirdiyi haqqında məlumat verib.