ADU-da şəhid və qazi ailələrinin övladları ilə görüş keçirilib
Dekabrın 15-də Azərbaycan Dillər Universitetində "Fortis" Akademiyada təhsil alan şəhid, qazi və aztəminatlı ailələrin övladları ilə görüş keçirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdə məmnun olduğunu bildirib. 44 günlük Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizə Allahdan rəhmət dilənilib, ruhları ehtiramla yad edilib.
ADU-nun tədris və elmi bazası haqqında məlumat verən rektor qeyd edib ki, hər il universitetin qəbul göstəriciləri yüksələn xətlə inkişaf edir. Görüşdə Universitetin kitabxana fondunun zənginliyi, müəllimlərin peşəkarlığı və tələbələrin bilik və bacarıqlarının artırılması üçün yaradılan imkanlardan danışılıb.
ADU-da fəaliyyət göstərən mərkəzlər, elmi-tədqiqat laboratoriyalarının fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verilib.
“Bir günlük xəlifə” layihəsi haqqında danışan rektor bu layihədə tələbələrin aktiv iştirak etdiyini və onların idarəetmə bacarıqlarının formalaşması üçün əlverişli bir imkan olduğunu söyləyib. ADU-nun həyata keçirdiyi unikal bir layihə olan “Bir günlük xəlifə” şagirdlərin marağına səbəb olub.
Daha sonra şagirdlər universitetlə yaxından tanış olublar, mərkəz və muzeyləri ziyarət ediblər.