XƏBƏRLƏR

Azərbaycanda dini müxtəliflik və multikulturalizm mövzusunda tədbir keçirilib

02 noyabr, 2021

Azərbaycanın qədim və orta əsr tarixi sirli səhifələri, öyrənilməmiş qatları ilə daim diqqət çəkir. Tarixin açılmamış səhifələri öz yeni tədqiqatlarını, araşdırmalarını gözləyir. Bu tarixi faktlar Azərbaycan xalqının tolerant xüsusiyyətlərini, multikultural dəyərlərini özündə ehtiva etmək mənasında da diqqət çəkir, xüsusi maraq doğurur. Bu mənada  28 oktyabr 2021-ci il tarixdə Azərbaycan Dillər Universiteti Multikulturalizm Elmi Tədqiqat Laboratoriyasında “XVIII əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda dini müxtəliflik və multikulturalizm” mövzusunda keçirilən dəyirmi masa geniş maraq doğurmuş, elmi şərh və diskusiyalarıyla yadda qalmışdır.

Tədbir Azərbaycan Dillər Universiteti Multikulturalizm ETL, ADU YAP ilk ərazi təşkilatı, universitetin Qafqazşünaslıq və Tarix kafedrası və Milli Azərbaycan tarixi muzeyinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Multikulturalizm ETL-nin müdiri Loğman Rəşidzadənin moderatorluğu ilə baş tutan görüşdə Tarix muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov “Qacarlar dövründə dini müxtəliflik və multikilturalizm”, Tarix muzeyinin digər əməkdaşı aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Rəhman Kərimov “XIX əsrin əvvəllərində Rusiya- İran münasibətləri”, Azərbaycan Dillər Universiteti Qafqazşünaslıq və Tarix kafedrasının müdiri, dossent Qorxmaz Mustafayev “XIX əsrin sonu – XX əsrin əvvəllərində erməni millətçiləri tərəfindən xalqımızın çoxəsrlik  multikultural ənənələrinə xələl gətirmək cəhdləri”, həmin kafedranın əməkdaşı, dossent Şəlalə Bağırova “XX əsrin əvvəllərində Şimali Azərbaycanda mədəni müxtəliflik” mövzusunda çıxış etmişlər. Çıxışlarda tariximizin bu son dərəcə maraqlı səhifələri araşdırılmış, hadisələrə qiymət verilmiş, tarixi faktlar bu günün tələbləri işığında təhlil edilmişdir.

Tədbir son anda diskusiya xarakteri almış, maraqlı müzakirələr aparılmışdır. Dəyirmi masada müəllim və tələbi heyətə fəal iştirak etmiş, maraqlı sual-cavab mühitində canlı təhlillərlə yadda qalmışdır. Çıxışçılar sualları cavablandırılmış, mövzularla bağlı iştirakçılara geniş məlumat vermişlər.