XƏBƏRLƏR

Təhsil 1 fakültəsi Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar tədbir təşkil edib

28 oktyabr, 2021

Təhsil 1 fakültəsinin təşkilatçılığı ilə 28 oktyabr 2021-ci il tarixində Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Azərbaycan Ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mövlamova Mehriban, Təhsil 1 fakültəsi nəzdində fəaliyyət göstərən kafedraların müdirləri və professor-müəllim heyəti, tələbələr iştirak edib.

Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov Aşıq Ələsgərin yaradıcılığı barəsində geniş məlumat verdikdən sonra onun yaradıcılığında mühüm yer tutan “Düşdü” qoşmasını səsləndirmək üçün sözü 303 A qrup tələbəsi Əzizova Aydana verib. Daha sonra fəlsəfə doktoru Mehriban Mövlamova Aşıq sənətinin incəliklərindən söz açaraq, bu sənətin “Ozan İnstitutundan” başladığını qeyd edib. Aşıq Ələsgərin Azərbaycandakı 4 aşıq məktəbindən “Göyçə Aşıq məktəbi”nə aid olduğunu vurğulayıb. Mehriban xanım çıxışını Səməd Vurğunun sözləri ilə yekunlaşdırıb: “Mən hansı daşı qaldırsam altından Aşıq Ələsgər yaradıcılığı çıxır”.

Təhsil 1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı 1 kafedrasının müdiri, dosent Amil Cəfərov öz çıxışında Aşıq Ələsgər yaradıcılığının ondan sonra gələn aşıqlara tövhə verdiyindən də söz açıb. Tədbirdə iştirak edən tələbələrdən Ağazadə Gülşən (Qr.303 A), Mehdili Alzaman (Qr.414) və Hüseynova Xanım (Qr.303 A) Aşıq Ələsgərin poeziyasından, qoşmalarından bəhs edərək “Dağlar” və “Görmədim”  şeirlərini səsləndiriblər.

Sonda Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov Aşıq Ələsgərin ustadı olan Aşıq Alıdan da söz açaraq onun ustadına həsr etdiyi şeiri səsələndirib və bunu nümunə göstərərək tələbələrə öz müəllimlərinə hər zaman hörmət və ehtiramla yanaşmalarını məsləhət görüb.